...

Seçkiqabağı kampaniya müddətinin azaldılmasına müsbət addım kimi baxıla bilər – Azərbaycan Prezidenti Aparatının şöbə müdiri

Siyasət Materials 25 Aprel 2008 16:54 (UTC +04:00)
Seçkiqabağı kampaniya müddətinin azaldılmasına müsbət addım kimi baxıla bilər – Azərbaycan Prezidenti Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 25 aprel/ Trend , müxbir C.Babayeva/ Azərbaycanda seçkiqabağı kampaniya müddətinin azaldılmasına demokratik inkişaf istiqamətində atılan müsbət addım kimi baxıla bilər. Azərbaycan Prezidenti İcra Aparatının siyasi analiz və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov belə hesab edir.

"Bu məsələyə dair müxalifət partiyalarının mövqeyi birmənalı təəssüf reaksiyası doğurur", - Aslanov cümə günü Trend -a bildirib.

Azərbaycanda oktyabrın 15-də baş tutacaq prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinə dəyişiklik etmək və seçki kampaniyasının müddətini dörd aydan iki ayadək azaltmağı təklif edib.

Böyük Quruluş (BQP) Partiyası istisna olmaqla müxalifət partiyaları bu təşəbbüsü dəstəkləmirlər. BQP-nin sədri Fazil Qəzənfəroğlu qeyd edib ki, beş il ərzində hər partiyanın, siyasi liderin özünü göstərmək, nüfuz, əhalinin dəstəyini qazanmaq üçün kifayət qədər vaxtı olub. Onun rəyinə görə, əgər onlar bunu beş il ərzində edə bilməyiblərsə, iki və ya dörd ay seçki kampaniyası xüsusi rol oynamayacaq.

Müxalifətçi Azərbaycan Demokratik Partiyası hesab edir ki, hakimiyyət bununla müxalifət düşərgəsinin imkanlarını məhdudlaşdırmaq istəyir. Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" blokunda da hakimiyyətin müxalifətin seçkilərdə iştirakını məhdudlaşdırmağa çalışması barədə fikir var.

Aslanov qeyd edib ki, müxalifət zamanla ayaqlaşa bilmir. "Bütün bu illər ərzində dəstək üçün ictimaiyyətdə lazımı ehtiyat yarada bilməyən partiya liderləri kampaniya altı ay davam etsə belə, bunu edə bilməyəcəklər", - Azərbaycan Prezidenti İcra Aparatının şöbə rəhbəri qeyd edib.

Aslanov qeyd edib ki, hazırkı mərhələdə prezident administrasiyasının seçkiqabağı kampaniyanın azaldılması məsələsinə dair konkret mövqeyi yoxdur. "Lakin inkişaf etmiş demokratiyaların təcrübəsindən çıxış etmək lazımdır", - o bildirib.

İspaniyada seçkiqabağı kampaniya 15 gün, Finlandiyada 30 gün ərzində davam edir. Böyük Britaniya, Polşa, İtaliya, Almaniya, Çexiya, Macarıstanda kampaniya iki ay davam edir. Fransada kampaniya təqribən 25 gün, Rusiyada isə 25 gündən çox davam edir. Bu ölkələr çox böyük coğrafi əraziyə malikdirlər və bu ölkələrdə yaşayan əhalinin sayı Azərbaycanı dəfələrlə ötür.

Hakim partiyada müxalifətin ittihamlarını inkar edirlər. "Bu təklif müxalifətin imkanlarını məhdudlaşdırmaq deyil, seçki prosesinin təkmilləşdirilməsi üçün irəli sürülüb", - YAP İdarə Heyətinin üzvü, Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova bildirib. Onun sözlərinə görə, YAP-ın təşəbbüsü Azərbaycan və digər ölkələrin seçki təcrübəsinə əsaslanır.

Mayda seçkiqabağı kampaniya müddətinin azaldılması məsələsinin Azərbaycan Parlamentinin sessiyasının müzakirəsinə çıxarılacağı gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti