...

Azərbaycanda prezident seçkisi ilə bağlı faktaraşdırıcı ekspertlər qrupu yaradılacaq

Siyasət Materials 2 May 2008 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanda keçiriləcək prezident seçkisi zaman yarana biləcək problemlərin aradan qaldırılması üçün faktaraşdırıcı ekspertlər qrupu yaradılacaq. Bu barədə Trend -a Milli Məclisin İcra Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Seçki və səsvermə prosesinin təkmilləşdirilməsi üçün Venesiya Komissiyası ilə Azərbaycan hökumətinin birgə müzakirələri nəticəsində Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Yaxın vaxtlarda bu məsələ parlamentin müzakirəsinə çıxarılacaq.

Mirzəyev deyib ki, faktaraşdırıcı ekspertlər seçkiöncəsi və səsvermə zamanı daxil olan şikayətləri operativ həll edəcək.

Onun sözlərinə görə, Azərbaycanda seçki kampaniyasına ayrılan müddətin azaldılması məsələsinin ciddi araşdırılmasına ehtiyac var.

Seçki Məcəlləsində seçki kampaniyasına ayrılacaq müddət 4 ay göstərilib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki kampaniyasının müddəti 2 aya endirilməlidir.

Mirzəyev bildirib ki, seçki kampaniyasına ayrılan müddət azaldılarsa, digər qanunvericilikdə də dəyişikliklər edilməlidir. Ona görə də bu, öyrənilməsinə ehtiyac olan bir məsələdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti