Azərbaycan, Bakı, 07 may / Trend , müxbir D.Xatınoğlu, E.Tarıverdiyeva, R.Hafizoğlu / Iraq rəsmilərinin İranın bu ölkədə yürütdüyü siyasətə qarşı konkret fikir bildirməkdən boyun qaçırmaları, onların həm İranı, həm də ABŞ-ı əldə saxlamaq niyyətindən xəbər verir. "İraq rəsmilərinin İranın lehinə fikirlər səsləndirməsi rəsmi BağdadınVaşinqton və Tehran arasında balanslı siyasət yürütmək istəyindən irəli gəlir"-deyə iraqlı müstəqil politoloq Salih Kəəbi hesab edir.
BBC-nin mayın 5-də yaydığı məlumata əsasən, İraqın hökumət sözçüsü Əli Dabbağ İranın İraqdakı müdaxilələrini dayandırması üçün Tehrana səfər edən iraqlı heyət haqda mətbuata açıqlama verərkən bildirib ki, "İranın İraqda təxribatçılara yardım etməsinə dair heç bir sübut yoxdur" Lakin üç saat sonra keçirdiyi fövqəladə mətbuat konfransında bu sözlərini geri götürüb.
"İraqın ABŞ-dan asılı olmasına baxmayaraq, Bağdad rəsmiləri İranın regiona siyasi və dini təsirini gözəl başa düşürlər" -deyə, Kəəbi çərşənbə axşamı Bağdaddan elektron poçtla Trend -a bildirib.
Politoloqun fikrincə, İraq hökumətinin İran əleyhinə və ya lehinə bəyanatlarla çıxış etməsi dövlət rəsmilərinin özlərinin siyasi mövcüdluğunu təsdiq etmək üçün atdığı addımlardır.
"İranın İraqda olan terrorçuları dəstəkləməsi haqda bundan əvvəl söylənilənlər Bağdadın deyil, ABŞ-ın sifarişi ilə ortaya atılan bir məsələdir"-deyə Kəəbi qeyd edib.
Onun fikrincə, İraq hal-hazırda böyük dövlətlərin öz münasibətlərini aydınlaşdırdığı bir məkan olmaqla yanaşı, həm də dünyanın ən ucuz və çox silah satılan məntəqəsinə çevrilib.
"İraq rəsmiləri İranla əlaqədar bəzi təxribatlara göz yumsa da, İranın bu ölkədəki təhlükəli müdaxilələrinə qarşı ciddi mövqe tutub" - deyə Londonda fəaliyyət göstərən İran-Ərəb Tədqiqat Mərkəzinin sədri Əlirza Nurizadə (Alireza Nourizadeh) Trend -a bildirib.
Nurizadə qeyd edib ki, İraqın İrana göndərdiyi diplomatik heyət Tehran tərəfindən təhqir olunub. "İran rəsmiləri səfərin ilk iki günü onlara qarşı çox laqeyd münasibət göstəriblər, iki gün sonra isə Tehranın diplomatları deyil, İranın hərbi təşkilatı sayılan "Sepah Qüds"un nümayəndələri onlarla görüşüb. Bağdad hakimiyyətinin Baş naziri Nuri əl-Malikinin İranın bu ölkədə terrorçulara yardım göstərməsilə bağlı tədqiqat qrupu yaradılacağı barədə verdiyi sərt bəyanat rəsmi Bağdadın İrana qarşı sərt mövqe tutduğunu göstərir" - deyə Nurizadə bu gün Londondan telefonla bildirib.
"İran həm İraqın rəsmi güc strukturlarındakı şiələri, həm də müxalifətdəki sünnü və şiələri dəstəkləyir" - deyə ABŞ eksperti Thomas R. Mattair (Tomas Metteyr) Trend -a bildirib.
Onun fikrincə, rəsmi güc strukturlarında olan İraq şiələrinin və İraqın rəsmi təhlükəsizlik qüvvələrinə daxil olmayan yaraqlıların bəziləri İrana səfərlər edir və bu ölkədə Livanın "Hizbullah" təşkilatının hərbi düşərgələrində təlimlər alırlar.
"Livanın "Hizbullah" hərəkatı İraqda bir çox qrupları hərbi cəhətdən hazırlamağa çalışır. İraq yaraqlılarının istifadə etdikləri bəzi silahlarda İran nişanları mövcuddur" - deyə ABŞ-ın Orta Şərq məsələləri üzrə müstəqil eksperti Metteyr çərşənbə axşamı Vaşinqtondan elektron poçtla açıqlamasında bildirib.
"İran həm hökumətdəki İraq şiələri, həm də İraqda ABŞ-ın hərbi iştirakına qarşı müqavimət göstərən xüsusi qüvvələrin şiə nümayəndələri ilə yaxşı münasibətə malik olmaq istyir. Əməkdaşlıq xüsusi ilə də ABŞ qüvvələrini məhv etmək və İraqda onların şəraitini çətinləşdirmək üçün lazımdır" - deyə o bildirib.
Metteyrin fikrincə, bu strategiya Birləşmiş Ştatlarda İrana qarşı hərbi əməliyyatların lehinə olanlara böyük əsas verir.
Ekspert açıqlamasında əlavə edib ki, İraq rəsmilərinin bəzən İran haqda müsbət fikir söyləmələrinin də səbəbi var: "Çox güman ki, bununla onlar xoşməram ifadə etmək istəyirlər, yəni İranın təhlükəsizlik sahəsində əməkdaşlıq niyyətini təşviq etmək və ABŞ-ın İrana hücum etməsinin qarşısını almaq məqsədi güdürlər" - deyə Metteyr bildirib.
"İraq hökumətinin bu etiraflarının əsl səbəbləri aydın deyil. Amerikalılar İranın üsyançılara təsir etməsini hələ tam sübuta yetirməyiblər" - deyə ABŞ-da fəaliyyət göstərən İran politoloqu Mehran Kamrəva Trend -a bildirib.
"Tez-tez təkrarlanmasından asılı olmayaraq, sadəcə ittiham yürütmək hələ sübut etmək demək deyil. ABŞ-ın işğalçı qoşunları İraqda sabitlik yaradarkən ciddi çətinliklərlə qarşılaşan zaman İranı ittiham edirlər. Onlar bu iddia və ittihamlarında öz xeyirlərini güdürlər" - deyə Qətərin Georgetown Universitetinin beynəlxalq əlaqələr ürzə professoru Kamrəva bu gün elektron poçt vasitəsilə Doha şəhərindən Trend -a bildirib.
Politoloq İran rejiminin Bağdadın mərkəzi hakimiyyətini fəal şəkildə sarsıtmağa can atmasına şübhə ilə yanaşır.
İran İraqda Amerika hücum edəcəyi təqdirdə ona kömək edə biləcək kadrlar hazırlayır. "İraq İrana zərbələrin endirilməsi üçün ABŞ hakimiyyətinə haqq qazandırmaq və örnək vermək arzusunda deyil. İraqlılar Tehran və Vaşinqton arasındakı hərbi qarşıdurmanın onlara baha başa gələcəyini çox yaxşı bilirlər" - deyə İran əsilli ABŞ eksperti bildirib.
"İraq həm ABŞ, həm də İranla əməkdaşlığı məqsədəuyğun hesab edir" - deyə digər ABŞ politoloqu Tennessee Technological Universitetinin professoru Maykel Qunter (Michael M. Gunter) Trend -a bildirib.
Onun fikrincə, rəsmi Bağdad İranın İraq döyüşçülərini dəstəkləməsini təsdiq etməklə ABŞ-ı təxribata sövq etmək istəmir.
"İraqda İran silahlarının mövcud olması faktı hələ Tehranın müqavimət dəstələrinə dəstək verməsi demək deyil. Hər kəsin istənilən silahı əldə edə biləcəyi açıq silah bazarı mövcuddur" - deyə o bildirib. Politoloq hesab edir ki, dünyada bir çox silahlılar ABŞ-ın məhz onlara satmadığı Amerika silahlarına malikdir.
"PKK hələ 2003-cü ildə Amerika silahlarına malik idi, lakin bu, ABŞ-ın PKK-nı dəstəkləməsini sübut etmir" - deyə Maykel Qunter vurğulayıb.
İranın İraqdakı müdaxilələrini və anti-Amerika hərbçilərə yardımını dayandırmaq məqsədilə Tehrana səfər edən iraqlı heyət mayın 4-də heç bir nəticə əldə etmədən Bağdada geri qayıdıb. ABŞ İranı İraqdakı terrorçulara dəstək verməklə bu ölkədə sabitliyin pozulmasında ittiham edir. Rəsmi Tehran dəfələrlə bu ittihamı rədd edib.