Azərbaycan, Naxçıvan. 8 may / Trend muxbir E.Məmmədov/ Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının simvollarından biri olan Haçadağın ən yüksək zirvəsinə bu gün səhər saat 6-00-dan etibarən yürüş təşkil edimişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsviri incəsənət şöbəsinin müdiri Nizami Alıyevin birbaşa təşkilatçılığı ilə həyata keçirilən yürüşdə muxtar respublikanın ayrı-ayrı elm və ali təhsil müəssisələrindən 25-ə yaxın tələbə və müəllim iştirak edib. Qeyd edək ki, tələbələr arasında Türkiyə Respublikasının vətəndaşları da var.
Xalq arasında İlanlıdağ və İlandağ kimi də tanınan Haçadağa ilk belə yürüş 2002-ci ildə olub. O vaxt Naxçıvan Özəl Universitetinin müəllimi işləyən Nizami Alıyevin təklifi və təşkilatçılığı ilə keçirilən ilk yürüşdə Haçadağın ən yüksək zirvəsinə Heydər Əliyevin adı verilib və bununla bağlı xatirə lövhəsi asılıb. Bundan iki il sonra-2004-cü ildə isə Heydər Əliyevin barelyefi qoyulub və zirvəyə Azərbaycan Respublikasının Dövlət bayrağı sancılıb.
Hər il yenilənən bayraq bu dəfə daha böyüyü ilə dəyişdirilib. Belə ki, bugün Heydər Əliyev zirvəsinə eni 4, uzunluğu 8 metr olan bayraq sancılıb.
Qeyd edək ki, muxtar respublikanın hər tərəfindən görünən və özünəməxsus geoloji quruluşa malik olan Haçadağın ən yüksək zirvəsi dəniz səviyyəsindən 2415 metr hündürlükdə yerləşir.