...

Bakı və Yerevan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını iyunda müzakirə edəcəklər

Siyasət Materials 12 May 2008 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / " , müxbir S.Ağayeva/ Cari ilin iyun ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Bu barədə razılaşma Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin mayın 6-da keçirilən iclası çərçivəsində iki ölkənin XİN başçılarının görüşü zamanı əldə olunub. Bu haqda bazar ertəsi jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin fevral ayında Ermənistanın prezidenti postuna yeni seçilən Serj Sarkisyan ilə ilk görüşü olacaq. "Ermənistanın yeni hakimiyyəti ilə görüş zamanı onların münaqişənin sülh yolu ilə nizamlanmasına nə dərəcədə hazır olduqları məlum olacaq", - deyə nazir bildirib.

Münaqişə tərəfləri rəhbərlərinin qarşıda duran görüşü zamanı ötən il noyabrın 29-da Madriddə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim olunan Dağlıq Qarabağ problemi üzrə yazılı təkliflərin müzakirə olunacağı gözlənilir. Danışıqlar prosesinin məxfi olması səbəbindən bu həll prinsiplərinin mahiyyəti mətbuata açıqlanmır.

ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərinə bu günə qədər üç təklif təqdim ediblər. Onlardan ikisi Ermənistan tərəfindən qəbul edilməyib. Bakı da öz növbəsində həmsədrlərin Dağlıq Qarabağda konfederativ dövlətin yaradılması ilə bağlı təklifi ilə razılaşmayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti