Azərbaycan, Bakı, 19 may / Trend , müxbir E.Babayev/ Azərbaycanda Seçki Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklər seçki prosesi dövründə namizədlərin qeydiyyata alınmasına, bərabər təbliğat və təşviqat kampaniyasının aparılmasına, demokratik seçkilərin keçirilməsinə, müstəqil və müxalifət namizədlərinin imkanlarının məhdudlaşdırılmasına cəhd kimi qəbul olunur. Bu barədə özünü demokratik ictimaiyyət adlandıran, 20-dən çox partiya və QHT nümayəndəsinin bazar ertəsi qəbul etdiyi bəyanatda bildirilib.
Bəyanata Azərbaycan Demokratik, Yaşıllar, Klassik Xalq Cəbhəsi, Azadlıq, Tərəqqi, Xalq-sosialist partiyaları, "Bizim Azərbaycan" Bloku, Azərbaycan Ziyalılar Birliyi, Zərdüşt Əlizadə, hüquqmüdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu və başqaları imza atıblar.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının birgə müzakirələrindən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib.
Bəyanatda Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsindəki bir sıra maddələrə - seçki komissiyalarının formalaşmasında yeni təkliflərin olmamasına, prezidentliyə namizədlərin imzatoplama kampaniyası və təşviqat müddətinin azaldılmasına, namizədin qeydiyyat depozitinin 33 min manatdan 300 min manata qaldırılmasına, namizədin qeydiyyatının ləğvinin sadələşdirilməsinə, təşviqat materillarının yayılması və dövlət televiziyasında təbliğatın qadağan olunmasına etiraz bildirilib.
Bəyanat müəlliflərinin fikrincə, bu cəhdlər Azərbaycan iqtidarının bu seçkidə də xalqın azad seçim hüququnu əlindən almaq niyyətini bir daha təsdiqləyir.
Hazırda Seçki Məcəlləsinə əlavə və dəyişikliklər parlamentin hüquq siyasəti və dövlət quruluculuğu komissiyası tərəfindən qəbul olunub və mayın sonuna qədər Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Bəyanatı 20-dən artıq siyasi partiya və ictimai təşkilatın nümayəndəsi imzalayıb.