...

Azərbaycanın müxalifətçi lideri demokratik seçkinin keçirilməsini mümkün sayır

Siyasət Materials 21 May 2008 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov hesab edir ki, Azərbaycanda prezident seçkisinin demokratik keçirilməsi Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklərdən asılı olmayacaq. "Seçkinin taleyi qanunlardan yox, daha çox onların icra olunmasından asılıdır", Məmmədov çərşənbə günü Trend -a bildirib.

Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan layihənin mayın sonunda Milli Məclisdə qəbulu gözlənilir. Dəyişikliklər sırasında dövlət kütləvi informasiya vasitələrində namizədlərin təbliğatının qadağan olunması, namizədlər üçün depozitin 33 min manatdan 300 min manata qaldırılması, namizədin imzatoplama kampaniyasının 35 gündən 10 günə endirilməsi, İnzibati Xətalar Məcəlləsinin tətbiqi nəticəsində namizədliyin qeydiyyatının ləğvinin sadələşdirilməsi kimi məsələlər müxalifətin narazılığına səbəb olub və partiyalar daxilində boykota meyl artıb.

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov isə mayın 20-də jurnalistlərə bildirib ki, Azərbaycanda təxminən beş milyonluq seçici sayından 10 gün ərzində 45 min imza toplaya bilməyən şəxsin dövlət başçısı postuna iddialı olmağa mənəvi haqqı çatmır.

Məmmədov hesab edir ki, seçkidə iştirak etmək üçün əsas məsələ siyasi iradədir. Bu olduqdan sonra mövcud dəyişikliklər çərçivəsində də demokratik seçki keçirmək mümkündür. "Siyasi iradə olmadıqda ən ideal qanunla belə demokratik seçki keçirmək mümkün olmur", AMIP lideri əlavə edib.

AMİP 1992-ci ildə yaradılıb və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda partiyanın lideri və Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti