Azərbaycan, Bakı, 26 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifəti prezident seçkilərindən sonra ölkədə sabitliyi pozmağa və səsvermənin nəticələrini dəyişməyə cəhd göstərərsə, hakimiyyət bunun qarşısını alacaq. "Müxalifət partiyaları seçkidə əldə olunan obyektiv nəticəni qəbul etməsələr və siyasi vəziyyəti öz maraqlarına uyğun şəkildə dəyişməyə cəhd göstərsələr, bununla heç bir nəticə əldə edə bilməyəcəklər. Qanunsuz hərəkətlərin qarşısını almaq üçün bunu edənlərə adekvat cavab veriləcək", - deyə bazar ertəsi Trend -a açıqlamasında Azərbaycan parlamentinin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.
Trend -un arayışı: Azərbaycanda 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərindən bir gün sonra polislə müxalifət tərəfdarları arasında qarşıdurma baş verib. Seçkidə 14 faiz səslə ikinci yeri tutan müxalifətin əsas namizədi, Müsavat Partiyasının başqanı İsa Qəmbərin tərəfdarlarının "Azadlıq" meydanında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməyən aksiyasının qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb. Polislə müxalifətçilər arasında yaranan qarşıdurmada bir müxalifətçi öldürülüb, onlarla maşın yandırılıb, yüzlərlə müxalifətçi təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
2005-ci ilin noyabrında keçirilən parlament seçkilərinin nəticələrini qəbul etməyən müxalifət etiraz aksiyalarına başlayıb. Noyabrın 26-da fasiləzis aksiyalara başlamaq istəyən müxalifət polis müqaviməti ilə üzləşib. Nəticədə onlarla müxalifətçi və polis yaralanıb.
"Müxalifət partiyaları prezident seçkilərində uğur qazanmayacaqlarını bilirlər. Yəqin ki, seçkidə qələbə qazana bilməyən müxalifət liderlərinin nəticələrə təsir göstərmək üçün hansısa addmılar atmaq planları var. Hansı addımlar atmaq istədiklərini onların özləri daha dəqiq söyləyə bilərlər", - deyə vitse-spiker bildirib.
Muradova müxalifət liderlərini 2003-cü il prezident və 2005-ci il parlament seçkilərindən sonra baş verən hadisələrdən nəticə çığarmağa çağırıb.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]