Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində müxalifəti təmsil edən deputatlar həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına kömək göstərilməsi üçün parlamentin spikeri Oqtay Əsədova müraciət ediblər. "Siz öz adınızdan və bir qrup deputat adından həbsdə olan 3 jurnalistin azadlığa buraxılması ilə bağlı prezidentə müraciət etsəniz, müəyyən nəticə əldə etmək olar", - deyə parlamentin çərşənbə axşamı keçirilən iclasında deputat Cəmil Həsənli bildirib.
Trend -un arayışı: Azərbaycanda 3 jurnalist - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, həmin qəzetin əməkdaşı Mirzə Sakit, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir.
Həsənli qeyd edib ki, həbsdə olan 3 jurnalistin azadlığa buraxılması Azərbaycanın ictimai-siyasi məsələlərinə heç bir təsir göstərməyəcək. Onun fikrincə, jurnalistlərin həbsdə olması, Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir.
Müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu və "Müsavat" Deputat Qrupunun üzvü Pənah Hüseyn də bu təklifi dəstəkləyiblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]