...

Azərbaycan Pakistanla hərbi əməkdaşlığı genişləndirmək istəyir

Siyasət Materials 7 İyul 2008 16:53 (UTC +04:00)
Azərbaycan Pakistanla hərbi əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan, Bakı, 07 iyul / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Pakistanla hərbi əməkdaşlığı genişləndirmək istəyir.

"Hərbi-texniki hazırlıq, kadrların hazırlanması sahəsində Pakistanın böyük təcrübəsi var. Azərbaycan bu təcrübədən istifadə etmək istəyir" - bazar ertəsi Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədri ilə görüşdə Azərbaycan parlamentinin birinci vitse-spikeri, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: Azərbaycanla Pakistanın Müdafiə nazirləri arasında ikitərəfli əməkdaşlığa dair saziş mövcuddur. Azərbaycan Müdafiə Nazirliyinin 50 ölkə ilə əməkdaşlıq münasibətləri var.

Əsgərov qeyd edib ki, Azərbaycanla Pakistan bir çox sahələrdə, o cümlədən hərbi və hərbi- texniki sahələrdə yaxşı əməkdaşlıq edirlər.

Onun sözlərinə görə, Azərbaycanla Pakistan beynəlxalq terrorçuluqa qarşı mübarizədə də sıx əməkdaşlıq edirlər.

Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Muşahid Hüseyn Səid qeyd edib ki, Azərbaycanla Pakistan təhlükəsizlik baxımından eyni problemlərlə üzləşiblər.

"Hər iki ölkə başqa dövlətlərin təcavüzü ilə üzləşib. Neçə illərdir ki, Dağlıq Qarabağ və Kəşmirdə ədalət bərpa olunmur və BMT Təhlükəsizlik Şurasının Qətnamələri yerinə yetirilmir. Ona görə də iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi vacibdir" - Səid əlavə edib.

Komitə sədri deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll ounmayanadək Pakistan Ermənistanla heç bir əlaqə qurmayacaq, çünki onlar işğalçıdırlar.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 - 93 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti