...

"Azərbaycan jurnalistləri xarici qurumların əlində alətə çevrilməməlidirlər" - YAP-ın sədr müavini

Siyasət Materials 21 İyul 2008 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Tr , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, mətbuatla ayrı-ayrı fərdlər arasında olan bu və ya digər məhkəmə çəkişmələri Azərbaycanda söz və mətbuat azadlığının boğulması kimi qiymətləndirilə bilməz. "Azərbaycanın sürətli inkişafını gözü götürməyən ayrı-ayrı beynəlxalq qurumlar guya Azərbaycanda söz və mətbuat azadlığı sahəsində problemin olduğu görüntüsünü yaratmğa cəhd edirlər. Jurnalistlərimiz belə qüvvələrin əlində alətə çevrilməməlidirlər", Trend -un məlumatına görə, bunu bazar ertəsi YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü ilə bağlı bir qrup jurnalistlə keçirdiyi görüşdə deyib.

22 iyul Azərbaycanda Milli Mətbuatın yaranması günü kimi qeyd olunur.

Əhmədov bildirib ki, Azərbaycan jurnalistləri dövlətçilik maraqlarını hər şeydən üstün tutmalıdırlar. "Onu da qeyd edim ki, son illər Azərbaycan cəmiyyəti ilə mətbuat arasında problemlər nisbətən azalıb. Cəmiyyət mətbuatın tənqidlərini əvvəllər olduğu kimi faciə kimi qəbul etmir və obyektiv tənqidləri normal qarşılayır", - deyən Əhmədov müəyyən çətinliklərə baxmayaraq, Azərbaycan mətbuatının şərəfli və şanlı bir yol keçdiyini qeyd edib. Əhmədov bu ilin oktyabr ayında Azərbaycanda prezident seçkisinin keçiriləcəyini də xatırladıb və jurnalistləri bu prosesi heç kimə simpatiya göstərmədən, obyektiv işıqlandırmağa çağırıb.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti