...

"Seçkidə öz namizədimizlə iştirak etməyəcəyik"- Azərbaycanın müxalif partiyasının sədri

Siyasət Materials 28 İyul 2008 11:16 (UTC +04:00)
"Seçkidə öz namizədimizlə iştirak etməyəcəyik"- Azərbaycanın müxalif partiyasının sədri

Azərbaycan, Bakı, 28 iyul/ Tr , müxbir E.Babayev/ Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyası (VHP) prezident seçkisində öz namizədi ilə iştirak etməyəcək. "Biz seçkidə öz namizədimizlə iştirak etməyəcəyik. Bu, seçkiləri boykot etmək demək deyil, sadəcə biz prosesə öz namizədimizlə qoşulmuruq", bazar ertəsi Trend -a VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Azərbaycanda prezident seçkisinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur.

Rüstəmxanlı vurğulayıb ki, VHP-nin iyulun 27-də keçirilən Ali Məclisində seçki ilə bağlı geniş müzakirələr aparılıb. "Seçkiyə öz namizədimizlə getməməyimizin bir sıra səbəbləri var. Keçən seçkilərdə mən seçkiyə qoşulmuşdum və 55 min imza toplamışdım. Onun bir hissəsi MSK tərəfindən düzgün hesablanmadı və nəticədə depozit qoymalı oldum. Seçkidə barajı aşmağıma da imkan vermədilər. Hansı ki, 55 min imza toplayarkən həmin insanlar mənə səs verəcəklərini bildirmişdilər. Amma rəsmi nəticələr açıqlanarkən mənə verilən səslə bu, uyğunsuzluq təşkil etdi və mənə verilən səslər azaldıldı", - deyən Rüstəmxanlı bildirib ki, hazırda seçkilərin demokratik keçəcəyinə inamları azdır. "Bizim MSK-da nümayəndəmiz var. Lakin dairələrdə və məntəqələrdə öz nümayəndələrimizi təyin edə bilməmişik. 1700-ə yaxın məntəqədə və 60-dan çox dairədə yerimiz ola-ola bu yerlərə nümayəndə verə bilmirik. Bütün proseslər göstərir ki, seçkiyə getməyin mənası yoxdur", - deyə VHP sədri qeyd edib. Rüstəmxanlının sözlərinə görə, VHP-nin başqa bir namizədi dəstəkləməsi mümkündür. "Prosesləri izləyirik və seçki öncəsi namizədlərlə bağlı mövqeyimizi bildirəcəyik. Ola bilər başqa bir namizədə dəstək verək", - deyən Rüstəmxanlı onu da bildirib ki, bütün maddi və digər resurslar hakimiyyətin əlindədir və müxalifət hakimiyyətlə müqayisədə zəifdir. Ona görə də müxalifətin belə bir şəraitdə qələbə qazanacağı mümkünsüz görünür.

VHP Milli Azadlıq Hərəkatının liderlərindən olan Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il sentyabrın 26-da bir qrup ziyalı tərəfindən yaradılıb. 3 noyabr 1992-ci ildə dövlət qeydiyyatına alınan VHP 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində isə prezidentliyə namizəd olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti