Ukrayna, Kiyev, 08 sentyabr/ Trend müxbir Z.Novosvitski/ Ukrayna xarici işlər nazirinin müavini Konstantin Yeliseyev hesab edir ki, çərşənbə axşamı Evianda keçiriləcək Ukrayna-Aİ sammitində ölkənin Avropa İttifaqına üzvlüyü perspektivi qeydə alınacaq.
Yeliseyev XİN-də keçirilən brifinqdə jurnalistlərə bu barədə məlumat verib. O qeyd edib ki, Kiyev sammitin nəticələri üzrə bir sıra sənədlərin qəbuluna ümid edir. Yeliseyev onların arasında Ukrayna və Aİ arasında assosiasiya haqqında saziş mətninə dair siyasi bəyanatı göstərib. Onun sözlərinə görə, Ukrayna - Avropa İttifaqı arasında əməkdaşlığın möhkəmləndirilməsi və ayrıca müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyanat gözlənilir.
Bundan əlavə, tərəflər Gürcüstandakı vəziyyət haqqında bəyanata baxmalı və onu qəbul etməlidirlər. Yeliseyev qeyd edib ki, sabahkı sammitdəki nəaliyyətlər Ukrayna-Aİ münasibətlərində dönüş olsa da, onları "irəliləyiş" adlandırmaq olmaz. "Ukraynadakı vəziyyət daha ambisiyalı sazişlər üçün müvafiq iqlim yaratmır", - nazir müavini bildirib və qeyd edib ki, Aİ-dəki daxili vəziyyət də bu məsələdə böyük rol oynayır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]