...

İranın xarici işlər naziri Bakıya gəlir

Siyasət Materials 13 Sentyabr 2008 12:57 (UTC +04:00)
İranın xarici işlər naziri Bakıya gəlir

Azərbaycan, Bakı, 13 sentyabr / Trend , müxbir S.Ağayeva, T.Cəfərov/ İranın xarici işlər naziri Mənuçehr Möttəki şənbə günü birgünlük işgüzar səfərlə Bakıya gəlir. Bu barədə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov şənbə günü Trend -a məlumat verib.

Möttəki səfər çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq, həmçinin gözlənildiyi kimi prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. "Görüşlər zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri, o cümlədən Türkiyənin "Qafqazda Sabitlik və Təhlükəsizlik Platforması" təşəbbüsü müzakirə ediləcək", - səfir bildirib.

Möttəki Rusiyadan rəsmi səfərdən geri dönərkən Bakıda olacaq. O, RF-də keçirilən görüşlərdə regional məsələləri müzakirə edib.

İranın Ermənistandakı səfirliyinin siyasi məsələlər üzrə nümayəndəsi Kamal Zareh bir gün əvvəl "Azq" qəzetinə müsahibəsində bildirib ki, Tehranın "Qafqazda Sabitlik və Təhlükəsizlik Platforması"da iştirak etməməsi layihəni "keyfiyyətsiz edir". Diplomatın qənaətinə görə, İran kimi faktorun qoşulması ilə layihə mükəmməl ola bilər. "Ən yaxşı variant 3+3 olacaq. Bu variant vəzifələrin tənzimlənməsinin ən layiqli modeli olacaq. Bu modelə Cənubi Qafqazın üç respublikası, həmçinin Rusiya, İran və Türkiyə daxil olacaq", - o deyib.

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan avqustda Rusiyanın da daxil olacağı "Qafqaz İttifaqı"nın yaradılması təşəbbüsü ilə çıxış edib.

"Bakı Türkiyənin "Qafqaz İttifaqı"nın yaradılması təşəbbüsünü dəstəkləyir", - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir müddət əvvəl bildirib.

Xəbər lenti

Xəbər lenti