Gürcüstan, Tbilisi, 16 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya öz məqsədinə nail ola bilmədi və Gürcüstanın NATO-ya doğru yolunu kəsə bilmədi, - bu gün jurnalistlərə Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili deyib.
"Rusiyanın Gürcüstan əleyhinə təcavüzünün əsas məqsədlərindən biri məhz bu fikir olub ki, bunu da Rusiya tərəfi gizlətməyib", - o bildirib.
Bir həftə bundan əvvəl RF-nin NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin Alyansı Tbilisidə NATO Şurasının iclasını keçirməməyə çağırıb, belə ki, Gürcüstan "bunu özünə dəstək aktı kimi qiymətləndirir". O həmçinin bildirib ki, Gürcüstan Alyansın üzvü ola bilməz.
"Gürcüstan sübut etdi ki, o, Rusiya təcavüzünə baxmayaraq, Alyansın etibarlı tərəfdaşıdır və bunu bütün NATO Şurasının üzvləri təsdiq edirlər. Biz NATO-ya inteqrasiyamızı davam etdirə bilərik", - Tkeşelaşvili qeyd edib.