...

Azərbaycanda yeni müxalifət partiyasının yaradılması üçün Təşəbbüs Qrupu təsis edilir

Siyasət Materials 17 Sentyabr 2008 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda yeni müxalifət partiyasının yaradılması işlərinə bu həftənin sonunda start veriləcək.

"İki - üç günə Təşəbbüs Qrupu yaradacaq və partiyanın təsis olunması işlərinə başlayacağıq" - çərşənbə günü Trend - a yeni yaradılacaq partiyaya rəhbərlik edəcəyi gözlənilən sabiq deputat Qulamhüseyn Əlibəyli bildirib.

Trend - un arayışı: Qulamhüseyn Əlibəyli 1992 -1993 - cü illərdə prezident Elçibəyin müşaviri və parlamentdə rəsmi nümayəndəsi olub. 1995 - ci ildən 2005 - ci ilədək iki çağırışda Milli Məclisin deputatı olub. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. O, 1989 - cu ildən AXC - nin üzvü, 1993 - cü ildən isə, AXCP Ali Məclisinin sədri idi.

AXCP Ali Məclisinin üzvü Məzahir Qayıbov çərşənbə günü partiya sıralarından istefa verərək, Əlibəylinin tərəfinə keçib. AXCP sədrinin keçmiş müavini Bahəddin Həziyev də çərşənbə günü partiyadan istefa verib.

Əlibəyli qeyd edib ki , yeni partiyanın necə adlandırılması ilə bağlı bir neçə variant var: "Partiyanın adının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. Təşəbbüs Qrupu elan ediləndə partiyanın adı, siyasi ideologiyası və digər məsələlərlə bağlı məlumat verəcəyik".

Əlibəyli AXCP - dən istefaların birbaşa onunla bağlı olmasını təkzib edib.

"Mən AXCP Ali Məclisinin sədri olanda partiya rəhbərliyində təmsil olunan bütün şəxslərlə, o cümlədən sıravi üzvlərlə münasibətlərim yaxşı olub. Lakin özümə xüsusi olaraq tərəfdarlar toplamamışam. Hesab edirəm ki, hər bir şəxsin təmsil olunduğu partiyadan istefa vermək və yeni təşkilatda təmsil olunmaq hüququ var. AXCP - dən istefaları belə qiymətləndirirəm" - Əlibəyli əlavə edib.

Əlibəyli bildirib ki, yaratdığı seçki qərargahında təmsil olunan şəxslərin əksəriyyəti AXCP - dən istefa vermiş şəxslərdir. Onun sözlərinə görə, həmin şəxslər yeni partiyada təmsil olunacaqlar: "AXCP - dən istefa vermiş digər şəxslər də arzu etsələr, yeni partiyada təmsil oluna bilərlər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti