Azərbaycan, Bakı 24 sentyabr / Trend , müxbir İ.Əlizadə/ GUAM ölkələri arasında siyasi və iqtisadi əməkdaşlıq perspektivləri bu ölkələrinin xarici işlər nazirlərinin sentyabrın 24-də Nyu-Yorkda keçirilən görüşündə müzakirə edilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirak etdiyi görüşdə nazirlər GUAM çərçivəsində siyasi və iqtisadi əməkdaşlıq, eyni zamanda praktiki layihələrin yerinə yetirilməsini müzakirə ediblər, çərşənbə günü Trend -a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.
GUAM-ın fərdi dövlətlər və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının hazırkı vəziyyəti və gələcək əməkdaşlıq potensialı ətrafında fikir mübadiləsi aparılıb. GUAM-ın Katibliyinin fəaliyyəti və onun daha da təkmilləşdirilməsi müzakirə edilib.
Həmin gün daha sonra GUAM-ABŞ formatında görüş keçirilib. ABŞ tərəfini Dövlət Katibinin müavini Deniel Frid təmsil edib. GUAM rəsmiləri və ABŞ diplomatı GUAM-ABŞ praktiki əməkdaşlığını və layihələri müzakirə ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]