Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir S.Ağayeva/ Heydər Əliyev Fondu cümə günü Bakıda Roma Katolik Dini İcması ilə əməkdaşlıq memorandumu imzalayıb.
Əməkdaşlıq təhsil, mədəniyyət və səhiyyə sahəsində əlaqələrin inkişafını, həmçinin dini tolerantlıq, dözümlülük ənənələrinin qorunmasını, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və əlaqələrin genişləndirilməsini nəzərdə tutur.
Memorandumu Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva və Azərbaycanda Roma Katolik Dini İcmasının rəhbəri Yan Çapla imzalayıb.
Memoranduma əsasən, tərəflər sosial yönümlü layihələr reallaşdıracaq, dinc obyektlərə yardım göstərəcək, Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlər həyata keçirəcəklər.
Əməkdaşlıq çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsində yenidənqurma işlərinin aparılması və s. nəzərdə tutulur.
Yeni əməkdaşlıq istiqamətini Heydər Əliyev Fondunun dini tolerantlıq sahəsində həyata keçirdiyi layihələrin növbəti mərhələsi hesab etmək olar. İndiyədək Fond "Tolerantlığın ünvanı Azərbaycan" layihəsi çərçivəsində Bakıdakı Pravoslav kilsəsinin bərpasını, yəhudi uşaqlar üçün təhsil kompleksinin inşasını həyata keçirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]