Azərbaycan, Bakı, 27 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən sol təmayüllü Sosial Demokrat Partiyasının (ASDP) hazırda Rusiya paytaxtı Moskvada mühacirətdə yaşayan həmsədri, eks-prezident Ayaz Mütəllibov partiyanın fəaliyyətindən narazıdır.
"Son illər partiya üzvlərinin sayı artmayıb və təşkilatın fəaliyyətini genişləndirə bilməmişik", - Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) şəndə günü Bakıda keçirilən XI qurultayına telefon vasitəsi ilə qatılan Mütəllibov bildirib.
Trend -un arayışı: ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.
1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. Sonra barəsində cinayət işi açılıb və 1992-ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.
Trend -un məlumatına görə, şənbə günü partiyanın qərargahında ASDP-nin XI qurultayı keçirilib. Qurultayda 20-dən artıq rayon və şəhər təşkilatından seçilmiş 103 nümayəndədən 89-u iştirak edib. Qurultayda partiya həmsədrləri Mütəllibov və Əlizadənin, Mərkəzi Komitə və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənilib, partiya rəhbərliyi və seçkili orqanlar yenidən formalaşdırılıb.
Mütəllibov qeyd edib ki, maddi çətinliklər səbəbindən partiyanın fəaliyyəti zəifləyib. Onun fikrincə, buna baxmayaraq, bütün gücləri səfərbər etməklə problemləri aradan qaldırmaq olar.
"Bolşeviklər mübarizəyə başlayanda nə maddi imkanları, nə də avtomobilləri vardı. Lakin onlar mübarizə aparıb, qalib gəldilər. Ona görə də işləmək lazımdır", - eks-prezident əlavə edib.
Mühacir həmsədr bildirib ki, ASDP-nin rayonların əksəriyyətində yerli təşkilatları yoxdur.
Mütəllibov hesab edir ki, partiyanın bir sıra rayon təşkilatları heç bir işlə məşğul olmurlar.
Son zamanlar ASDP-nin daxilində yaranan narazılıqlara toxunan həmsədr deyib ki, partiyada birliyin olması vacibdir.
Mütəllibov bu hadisələri "hörmətsizlik, qanuna tabe olmamaq, Nizamnaməni pozmaq" kimi qiymətləndirib.
"Mən nə heç kimin tərəfini tutmamışam, üstünlük verməmişəm, nə də şübhə altına almamışam", - eks-prezident deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]