...

Azərbaycanda yeni siyasi vəziyyət yarandığından, qanunvericiliyə dəyişiklik edilməlidir – vitse - spiker

Siyasət Materials 27 Sentyabr 2008 15:53 (UTC +04:00)
Azərbaycanda yeni siyasi vəziyyət yarandığından, qanunvericiliyə dəyişiklik edilməlidir – vitse - spiker

Azərbaycan, Bakı, 27 sentyabr / Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin vitse -spikeri Bahar Muradova hesab edir ki, prezident seçkisndən sonra "Siyasi partiyalar haqqında" Qanun dəyişdirilməlidir.

"Prezident seçkisindən sonra Azərbaycanda yeni siyasi vəziyyət yaranacaq və "Siyasi partiyalar haqqında" Qanun yeni reallıqlara uyğunlaşdırılmalıdır" - parlamentin payız sessiyasının başlanması ilə əlaqədar, şənbə günü keçirilən mətbuat konfransında vitse - spiker Bahar Muradova bildirib.

Trend - un arayışı: Azərbaycanda 52 siyasi partiya dövlət qeydiyyatına alınıb. Milli Məclisdə hazırda 12 siyasi partiya təmsil olunur.  

"Siyasi partiyalar haqqında" Qanun 1992 - ci ildə qəbul olunub. İndiyədək Qanuna hər hansı əlavə və dəyişiklik edilməyib. Qanuna dəyişiklikdə, əsasən, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulub.

Milli Məclisin İcra Aparatının sədri Səfa Mirzəyev bildirib ki, dövlət büdcəsindən heç də bütün partiyalar maliyyələşə bilməz. Onun sözlərinə görə, Milli Məclisə keçirilən seçkilərdə müəyyən uğur qazanmış, yəni ölkə daxilində 4 - 5 faiz səs qazanan siyasi təşkilatlar, ola bilsin ki, dövlət büdcəsindən maliyyələşsin.

Muradova qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədi, dövlət başçısı İlham Əliyev bu seçkidə qələbə qazanacaq.

"Seçkinin nəticələrini gözləyək ki, YAP - ın namizədi nə qədər səs toplayacaq, digər 6 namizəd neçə faiz səs yığacaq. Bu isə yeni bir siyasi reallıq yaradacaq" - Muradova deyib.

Vitse - spiker vurğulayıb ki, boykot taktikasını seçən bəzi müxalifət partiyaları bu addımları ilə siyasi həyatda yeni bir vəziyyət yaradıblar. Lakin bu vəziyyət seçkini boykot edən partiyalarının ziyanınadır.

"Yeni siyasi dövr üçün yeni qaydaların yaranması vacibdir. Ona görə də, bu məsələ seçkidən sonra bir daha müzakirə edilməlidir. Yeni dövrün siyasi reallıqlarını və obyektiv səbəbləri nəzərə alaraq, siyasi partiyalar haqqında Qanun yenidən işlənilməlidir. Bu Qanun zamanın və Konstitusiyanın tələblərinə uyğunlaşdırılmalı və reallıqlara cavab verməlidir" - Muradova vurğulayıb.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Azərbaycanın 5 müxalif siyasi təşkilatı seçkini boykot edib, bəzi müxalifət partiyaları isə, seçkidə namizədi ilə iştirak etmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti