...

Azərbaycanın müxalifətçi prezidentliyə namizədi AŞ PA müşahidə missiyasının rəhbərinə etiraz edib

Siyasət Materials 14 Oktyabr 2008 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir C.Babayeva / Prezidentliyə namizəd, müxalif Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyasının rəhbəri Andres Herkellə görüşdə bir sıra narazılıqlarını bildirib.

"Görüşdə AŞ PA nümayəndələrinin prezident seçkisində müxalifətin iştirak etməməsi fikrinə etirazımı bildirdim. Onların nəzərinə çatdırdım ki, namizədlər arasında ən radikal müxalifəti təmsil edirəm. Seçkiyə qatılmayan müxalifət Qərbin müxalifətidir. Mənim təmsil etdiyim müxalifət sizə xidmət etməyəcək", - çərşənbə axşamı Herkelle görüşdən sonra Hacıyev Trend -a bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Prezident seçkisini 60-a yaxın ölkədən 1233 beynəlxalq müşahidəçi izləyəcək.

Prezidentliyə namizəd bildirib ki, ATƏT-in seçki ilə bağlı ədalətli qərar çıxaracağına da inanmır.

"ATƏT nümayəndələri seçkidə səslərin oğurlanmasına şərait yaradır. Azərbaycana hər səfərlərində bu seçkilərin bir addım irəli olduğunu bildirirlər. ATƏT bu günə qədər ədalətli rəylər açıqlamayıb və bundan sonra da onların ədalətli olacağına inanmıram", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti