...

Azərbaycanda prezident seçkisi başa çatıb

Siyasət Materials 15 Oktyabr 2008 19:12 (UTC +04:00)
Azərbaycanda prezident seçkisi başa çatıb

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanda prezident seçkisi başa çatıb. Bakı vaxtı ilə saat 19.00 - da vətəndaşların səsvermə prosesi yekunlaşıb.

Yerli vaxtla saat 17.00-a olan məlumatlara əsasən, seçicilərin Azərbaycan prezidenti seçkisində iştirakı 64,96 faiz təşkil edib,-  MSK xəbər verir. Qeydə alınmış 4 866 582 seçicidən  3 161 459 ölkə vətəndaşı səs verib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 4 milyon 834 min 584 seçici qeydə alınıb. Ötən il tərtib olunan seçici siyahılarında 4 mln.600 mindən çox seçici qeydə alınmışdı. Siyahıya düşən seçicilərin 52 faizi qadın, 48 faizi kişidir.

Prezident seçkisi ilə əlaqədar, Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5359 seçki məntəqəsi yaradılıb. Onların 5148 - i daimi, 33 - ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.

Azərbaycanın 500 seçki məntəqəsində veb - kameralar quraşdırılıb. Veb -kameralar ümumi seçki məntəqələrinin 10 faizini əhatə ediç və hər seçki dairəsinin 3 - dən 15-dək məntəqəsində quraşdırılıb.

Azərbaycanda seçkini 60 - a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB - dən qeydə alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti