Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir S.Kazımlı / Binəqədi rayonunda ər qısqanclıq zəminində həyat yoldaşına bıçaqla coxsaylı xəsarətləri yetirib.
Binəqədi rayon Prokurorluğundan bazar ertəsi Trend -a verilən məlumata görə, oktyabrın 18-dən 19-na keçən gecə saat 23:00 radələrində Binəqədi rayonunun Novxanı kəndindəki Bağlar massivində yerləşən Şəfəq istirahət düşərgəsində məskunlaşan Lacın sakini Mehman Xanış oğlu Cabbarov qısqanclıq zəminində həyat yoldaşı Natəvan Cabbarovaya bıçaqla ondan çox xəsarət yetirıb.
Prokurorluqdan bildiriblər ki, Cabbarov eyni zamanda həyat yoldaşını qısqandığı qonşusu Cabbar Əbilhəsən oğlu Rüstəmovu da bıçaqlayıb.
Hadisədən sonra bıçaqlanan şəxslər xəstəxanaya yerləşdiriliblər. Onların səhhətinin normal olduğu bildirilir. Cabbarov isə hadisədən sonra könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29, 120.1-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]