Azərbayan, Bakı, 23 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın müstəqil "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev prezident İlham Əliyevi yenidən bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib.
"Rəhbərlik etdiyim qəzetin adından növbəti prezident seçkisini mübahisəsiz qələbə ilə başa vurduğunuza görə Sizi təbrik edirəm", - deyə təbrik məktubunda bildirilib.
Trend -un arayışı: Quliyev 1998 - 2007-ci illərdə müxalifəti təmsil edən sağ - mərkəzçi Azərbaycan Demokrat Partiyasının rəhbərlərindən biri olub. O, hazırda yeni partiya yaradır.
Məktubda qeyd olunub ki, seçkinin nəticələri ilə bağlı tək - tək hallarda fərqli rəylərə rast gəlinsə də, bu kimi hallar Azərbaycanın müstəqillik tarixində seçkinin rol və əhəmiyyətinə, prezidentin növbəti beş illik fəaliyyətinə ümidlə baxan insanların inamına kölgə salmır.
"Həm də əsas məsələ kimlərin hansı münasibətdə olmasında yox, seçkinin sakit müstəvidə keçirilməsindədir. Bu seçki bir sıra xüsusiyyətləri ilə yeni siyasi mərhələ açmağa qadir hadisə kimi dəyərləndirilə bilər və şübhə etmirəm ki, belə də olacaq".
Məktubda bildirilib ki, prezident seçkiləri tatixində ilk dəfədir ki, ən yaxın rəqiblə qalib arasında 35 dəfədən çox fərqin yaranması ənənəvi müxalifətin öz sosial bazasını itirməsinə, yeni müxalifətin isə, hələ də özünün əsl liderlərinin axtarışında olduğu göstərir.
Trend - un arayışı: Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkilərinin yekunlarını təsdiq edib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçirilib.
Seçkinin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev digər namizədlərdən çox səs toplayıb - 88.73 faiz.
Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Haçıyev - 0,65 faiz səs toplayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]