Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın paytaxtında törədilən cinayətlərin vaxtında açılmasına kömək məqsədilə video kameraların quraşdırılmasına başlanılıb.
"Paytaxtın küçələrində, əhalinin sıx olduğu ərazilərdə video kameralar quraşdırılır və həmin ərazilər daim müşahidə altında olacaq. Orada baş vermiş cinayətlər barədə məlumatlar disklərə yazılacaq və cinayətlərin araşdırılması zamanı həmin məlumatlardan istifadə olunacaq", - çərşənbə jurnalistlərə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev bildirib. Quliyev quraşdırılacaq kameraların sayı barədə məlumat verməyib.
DİN Baş Mühafizə İdarəsi 10 minə yaxın obyektin mühafizəsini həyata keçirir. İdarə tərəfindən mənzillərin və obyektlərin mühafizəsinə isə 1997-ci ildən başlanıb. Paytaxtda artıq yol qəzalarının qarşısının alınması üçün əsas prospekt və küçələrdə video kameralar quraşdırılıb.
İdarə rəisi bildirib ki, video kameraların quraşdırılması Daxili İşlər Nazirliyi tərəfindən "Təhlükəsiz şəhər" layihəsinin icrası çərçivəsində həyata keçirilir.
Baş Mühafizə İdarəsinin mənzillərin və obyektlərin mühafizəsini də həyata keçirdiyini deyən Quliyev bildirib ki, mühafizə zamanı yeni texniki avadanlıqlar və mühafizə sistemləri tətbiq olunur.
"Vətəndaşlar tərəfindən bizə mülklərinin, obyektlərinin mühafizəsi ilə bağlı müraciətlər olur və son illər əhalinin maddi durumunun yüksəlməsi belə müraciətlərin artmasına səbəb olub", - deyə Quliyev bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]