...

Amerikada dəyişikliklər sözdədir- İran deputatları (video)

Siyasət Materials 21 Noyabr 2008 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir D.Xatınoğlu/ İran deputatları bildiriblər ki, Amerikada dəyişikliyin olması sözdədir və bu ölkənin ümumi siyasəti dəyişməyəcək.

"Azərbaycan 21-ci əsrdə - inkişaf strategiyası" adlı konfransda iştirak etmək üçün Bakıda səfərdə olan iranlı deputatlar Qulamhüseyn Məsudiyyə Reyhan və Sepəh Əcerlu Trend -a açıqlamalarında bildiriblər ki, ABŞ - da prezident seçkilərində Barak Obamanın qələbəsi bu ölkədə strateji dəyişikliklər yaratmayacaq, sadəcə, qısamüddətli taktiki dəyişiklik yarana bilər.

Noyabrın 4 - də ABŞ - da keçirilmiş seçkilərdə Demokratlar Partiyasından namizəd, İllinoys Ştatından senator Barak Obama qələbə qazanıb. Obama platformasında Amerikanın siyasətində dəyişiklik edəcəyini vəd etmişdi.

Reyhan cümə axşamı bildirib ki, Amerikanın dəyişikliyə ehtiyacı var, lakin bu dəyişiklik əməldə deyil, sözdədir.

"Bu dəyişiklik maskadır, ABŞ rəsmiləri dünya ictimaiyyətinə və öz xalqına göstərmək istəyir ki, uğursuz xarici siyasətini dəyişir, iqtisadi böhranı həll etməyə çalışır və imicini bərpa etmək istəyir, amma rəsmi Vaşinqton ciddi deyil", - deyə, cümə axşamı Reyhan bildirib.

Əcerlu isə, belə düşünür ki, Amerikada hazır proqram var və hakimiyyətə  kimin gəlməsindən asılı olmayaraq, strateji dəyişikliklər mümkun deyil. "Bu dəyişikliklər taktikadadır, ümumi siyasətdə deyil"-deyə, Əcerlu hesab edir.

Reyhanın sözlərinə görə, İran 30 ildir ki, Amerika ilə münasibətlərin bərpasına maraqlıdır, ABŞ isə bunu istəmir. "ABŞ bizimlə bərabər mövqeli müzakirələrə razı deyil,    1979 - cu ildən İrana iqtisadi sanksiyalarla təzyiq göstərir və bu, qəbul olunmazdır" - deyə, Reyhan əlavə edib.

Onun sözlərinə görə, İran prezidentinin Obamaya təbrik məktubu göndərməsi rəsmi Tehranın xoşniyyətli olmasının göstəricisidir.

İran prezidenti Obamanı prezident seçkiləri qələbəsinə görə təbrik edib.

Hər iki deputatın fikrincə, Amerikanin İrana sanksiyaları təsirsiz ötməyib, lakin bu təsir İranın iqtisadiyyatını böhrana salacaq dərəcədə olmayıb.

İran deputatlarının fikrincə, ABŞ öz siyasətini dəyişməsə, daha artıq uğursuzluqlar, böhranlar və hətta, dağılmaqla üzləşə bilər.

İran - Amerika münasibətləri 1980 - ci ildə "İmam yolu davamçılarının tələbələri" tərəfindən Amerikanın Tehrandakı səfirliyi ələ keçirildikdən və səfirliyin diplomatları və işçiləri girov götürüldükdən sonra gərginləşib.

30 ilə yaxındır ki, İran və Amerika arasında birbaşa diplomatik əlaqə yoxdur. Amerikanın İranda mənafeyini İsveçrənin İrandakı səfirliyi təmsil edir.

Xəbər lenti

Xəbər lenti