İranın Məsləhət Şurası bildirib ki, İran yalnız Nüvə Silahına Qarşı Konvensiya (NPT) çərçivəsində MAQATE ilə əməkdaşlığa hazırdır və MAQATE-yə aid olmayan mövzular haqda müzakirələr aparmayacaq. İRNA-nin məlumatına görə, bu barədə Məshəhət Şurasının sədri Haşimi Rəfsəncani noyabrın 21-də Tehranda cümə namazı zamanı səsləndirdiyi bəyanatında bildirib.
Rəfsəncani əlavə edib ki, MAQATE sədrinin İranın nüvə proqramı haqda növbəti məruzəsi ikili məzmun daşıyır və Amerikanın iddiaları və təsiri altında hazırlanıb.
MAQATE sədri Əl-Bəradei İranın nüvə proqramı haqda növbəti məruzəsini MAQATE-nin Hakimlər Şurasına təqdim edib. Məruzədə İranın MAQATE ilə lazımi əməkdaşlıq etməməsi və bəzi şübhəli fəaliyyətlərinə dair aydınlıq gətirməkdən imtina etməsi qeyd olunub. Əl-Bəradei bildirib ki, İran bəzi nüvə obyektlərinin MAQATE tərəfindən nəzarət olunmasına mane olub.
Rəfsəncani deyib ki, Ərak ağır sular zavoduna nəzarət MAQATE-nin səlahiyyətlərində deyil.
Onun sözlərinə görə, İran bütün şübhələrə aydınlıq gətirib və Amerikanın İranın nüvə proqramına dair iddiaları saxtadır. Onun səzlərinə gərə, indiyədək ABŞ-ın iddialarını sübut edən heç bir sənəd MAQATE-yə təqdim edilməyib.
Rəfsəncani əlavə edib ki, ABŞ zor tətbiq etməklə MAQATE-ni təsir dairəsində saxlayır. Lakin MAQATE bitərəf mövqe tutmağa çalışmalıdır.
ABŞ İranı nüvə silahı istehsal etmək niyyətində olmaqda ittiham edir. İran isə, bu iddianı rədd edir. İndiyədək BMT Təhlükəsizlik Şurasının daimi üzvləri İranın nüvə proqramına qarşı beş Qətnamə qəbul ediblər və İrandan tələb edirlər ki, uranın zənginləşdirilməsi proqramını dayandırsın. Rəsmi Tehran isə nüvə proqramının sülhməramlı olmasını iddia edir.