Iran, Tehran, 23 noyabr/ Trend , müxbir A.Namdari/ İran Silahlı Qüvvələrinin baş komandanının müavini, general Qulaməli Rəşid bildirib ki, İran müharibə astanasındadır.
General Rəşid noyabrın 23-də Tehranda keçirilən "Müdafiə üçün Bəsic (Milli Ordunun bir bölməsi) ruhunda davamlı inkişaf və təhlükəsizlik" konfransında bildirib ki, hazırda amerikalılar sözdə deyil, əməldə müharibəyə hazırlaşırlar.
Indiyədək ilk dəfədir ki, İranın yüksək dərəcəli hərbi şəxsı açıq şəkildə ölkənin müharibə ilə üz-üzə olmasını bəyan edir.
Onun sözlərinə görə, Amerika bundan əvvəl iki dəfə İrana hücum məqsədli plan hazırlayıb, lakin bu planları həyata keçirə bilməyib.
ABŞ və İsrail İranın uranı zənginləşdirmək planına qarşıdırlar. Hər iki ölkə rəsmiləri İranın nüvə proqramını dayandırmaq üçün son variant olaraq müharibəyə keçəcəklərini istisna etməyiblər.
İran rəsmiləri isə dəfələrlə bildiriblər ki, ölkəyə hücum baş verərsə, Fars körfəzində Hörmüz boğazını bağlayacaq. Dünyanın 40 faiz nefti məhz Hörmüz boğazından ötürülür.
Trend -un Tehrandakı müxbirinin məlumatına əsasən, İran Dəniz Hərbi Qüvvələrinin rəhbəri, general Həbibullah Səyyari bazar günü Tehranda keçirilən mətbuat konfransında bildirib ki, İran Dəniz Hərbi Qüvvələri Hörmüz boğazında hərbi manevrlər keçirəcək. Bu manevrlərdə İranın sualtı və hərbi gəmilərinin, dəniz hərbi qüvvələrinin iştirakı nəzərdə tutulub. İran son üç ay ərzində bu regionda dəfələrlə hərbi manevr həyata keçirib.
Bir həftə bundan əvvəl İranda başlayan polis quvvələrinin təlimi hələ də davam edir. İran Polis Qüvvələrinin komandiri, general Əhmədi Müqəddəm keçən həftə Trend -a açıqlamasında bildirb ki, 30 min polisin iştirakı ilə Tehranda keçirilən təlimlərdə məqsəd daxili iğtişaşların qarşısını almaqdır.
Adının çəkilməsini istəməyən İran generalı bazar günü elektron poçt vasitəsilə Trend -a bildirib ki, İran rəsmiləri ABŞ və İsrailin İrana hücumundan sonra daxili iğtişaşların baş verməsindən narahatdırlar. Onun sözlərinə görə, İran ABŞ və İsrailin ölkəyə hücum ehtimalını ciddi qəbul edirlər.
Amerika prezidenti Corc Buş dəfələrlə bildirib ki, İran uranın zənginləşdirilməsi proqramını dayandırmasa, bu ölkəyə qarşı hərbi müdaxilə variantı istisna olunmur. İsrail rəsmiləri də İranın nüvə obyektlərini bombardman edəcəkləri ilə hədələyiblər.
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri indiyədək İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə qarşı beş Qətnamə qəbul ediblər. Qərb İranın nüvə silahı istehsal etmək niyyətində olduğunu bildirir. İran isə dəfələrlə bəyan edib ki, onun nüvə fəaliyyəti sülhməramlıdır və elektrik enerjisi istehsal etmək məqsədi daşıyır.