Tehran, İran, 24 noyabr / Trend , müxbir A.Namdari/ "Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İranla bağlı növbəti məruzəsində şübhəli məqamlar var", - İran XİN-in nümayəndəsi Həsən Qaşqayi deyib.
Bu, Xarici İşlər Nazirliyinin MAQATE-nin məruzəsinə ilk reaksiyasıdır. Qaşqayinin fikrincə, məruzənin tərtibində qurumun baş direktoru Məhəmməd əl-Baradeyiyə bir neçə dövlət tərəfindən təsirlər olub.
MAQATE-nin növbəti məruzəsində deyilir ki, İran bu qurumun müşahidəçilər qrupu ilə əməkdaşlıq etmir. Lakin Qaşqayi bazar ertəsi keçirilən konfransda vurğulayıb ki, İslam Respublikası MAQATE-nin Nizamnaməsi çərçivəsində onunla əməkdaşlıq edir.
"İrana irəli sürülən tələblərin böyük əksəriyyəti - MAQATE-nin səlahiyyətlərindən kənardır. Bizim obyektlərimizdə MAQATE-nin kameraları var və onlar bizim nüvə obyektlərimizin fəaliyyətini müşahidə edirlər. MAQATE-nin müşahidəçiləri bizim nüvə obyektlərimizdə olur və hətta bir qram radioaktiv məhsul aşkarlanan zaman bu faktı qeydə alırlar", - Qaşqayi deyib.
Əl-Baradeyinin çərşənbə günü yayılan məruzəsində deyilir ki, İslam Respublikası MAQATE müşahidəçilərinin İranın bəzi nüvə obyektlərinə çıxışını dayandırıblar. İranın Məsləhət Şurası bəyan edib ki, Beynəlxalq Agentliklə atom enerjisi üzrə yalnız Nüvə silahının yayılmaması sazişi çərçivəsində əməkdaşlıq edəcək və MAQATE-nin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı müzakirələr aparmayacaq.
İranın Məsləhət Şurasının sədri Rəfsəncaninin sözlərinə görə, ABŞ MATAQE-yə təzyiq göstərməklə onu öz təsir dairəsində saxlayır. Amma agentlik müstəqil mövqe tutmağa çalışmalıdır.
Vaşinqton Tehranı nüvə silahı istehsalında ittiham edir. İran bu ittihamla razılaşmır. BMT Təhlükəsizlik Şurasının üzvləri İİR-in nüvə proqramı əleyhinə beş Qətnamə qəbul edib və İslam Respublikasından uranın zənginləşdirliməsilə bağlı proqramı dayandırmağı tələb edirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı sülh məqsədləri daşıyır.
Müəlliflə əlaqə ünvanı: trend