Türkiyədə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Qarabağ probleminin həlli istiqamətində msbət addımlar atıldığını bildirib. Nalbandyan bu fikirləri İstanbulda keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən Moskva görüşünün Qarabağ probleminin həllində əhəmiyyətli addım olduğunu deyən Nalbandyan ikitərəfli müzakirələrin davam etdiyini və dekabrın əvvəlində iki ölkənin xarici işlər nazirləri arasında görüş keçiriləcəyini bildirib. Nalbandyan nəzərdə tutulan görüşün 2009 - cu ilin əvvəlinə keçirilə biləcəyini də istisna etməyib.
Türkiyə - Ermənistan münasibətləri ilə bağlı jurnalistlərin suallarını cavablandıran Nalbandyan bu gün iki ölkə arasındakı münasibətləri müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşəcəklərini bildirib. Nalbandyan Türkiyə - Ermənistan sərhədlərinin açılmasının hər iki ölkənin və bölgə ölkələrinin xeyrinə olduğunu deyib. Nalbandyan iki ölkə arasında əlaqələrin qurulması üçün müsbət mühit yarandığını ifadə edib.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 -ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 -1993 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.