...

Azərbaycan parlamenti komissiyalarının iclasında Konstitusiyaya əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan referendum aktı müzakirə olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Dekabr 2008 11:29 (UTC +04:00)
Azərbaycan parlamenti komissiyalarının iclasında Konstitusiyaya əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan referendum aktı müzakirə olunub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı 18 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və insan hüquqları daimi komissiyasının hazırladığı Konstitusiyaya dəyişikliklə bağlı dair referendum aktı bələdiyyələrin parlament qarşısında hesabat verməsini nəzərdə tutur.

"Konstitusiyanın 95 - ci maddəsinə əsasən, bələdiyyələr xalq qarşısında hesabat verirlər. Təklif olunan dəyişikliksə, bələdiyyələrin parlamentdə hesabat verməsini nəzərdə tutur. Bələdiyyələr müstəqil qurumdur və bu dəyişiklik işə müdaxilə kimi qəbul edilmir. Bələdiyyələrin parlamentdə hesabat verməsi demokratik islahatlar baxımından vacibdir", - bu barədə cümə axşamı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib.

Trend - un məlumatına görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları daimi komissiyalarınının cümə axşamı keçirilən birgə iclasında Konstitusiyaya əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan referendum aktı müzakirə olunub.

Hüseynov qeyd edib ki, son vaxtlar Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı cəmiyyətdə ciddi müzakirələr gedir. Bu qəbildən olan təklifləri ziyalılar, ictimai xadimlər və deputatlar irəli sürüblər.

"Parlamentin son iclasında deputatlar Konstitusiyaya dəyişikliklər edilməsi təklifini yenidən səsləndiriblər. Bundan sonra parlament aparatının rəhbəri Səfa Mirzəyevin rəhbərliyi ilə işçi qrupu yaradılıb və qısa zamanda təkliflər və referendum aktı layihəsi hazırlanıb", - deyə o əlavə edib.

Hüseynov deyib ki, Azərbaycanın surətli iqtisadi inkişafı, siyasi islahatlar və demokratik irəliləyişlər, əldə olunan nailiyyətlər Konstitusiyanın daha da təkmilləşdirilməsini günün zərurətinə çevirib. Amma əsas vəzifə Konstitusiya əsaslarını daha da möhkəmləndirməkdir.

"Hazırki şəraitdə dövlət hakimiyyətinin səmərəliliyini təmin etmək əsas vəzifədir", - komissiya sədri bildirib.

Referendum aktında Konstitusiyanın 92 - ci maddəsinə təklif olunan dəyişikliklərdə parlamentdə daimi komissiyalarla yanaşı, komitələrin də yaradılması nəzərdə tutulub. Hüseynov deyib ki, dünyanın müxtəlif ölkələrində parlamentlərdə komitələr mövcuddur. Azərbaycan parlamentində komitələrin yaradılmasına ehtiyac var.

Başqa bir təklifdə, 50 min nəfər Azərbaycan vətəndaşı qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ irəli sürülür. Konstitusiyanın hazırki müddəalarına əsasən, qanunvericilik təşəbbüsü ölkə prezidenti, parlament, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və deputatlara məxsusdur.

"Konstitusiyanın 101- ci maddəsinin 5 - ci bəndinin çıxarılması və bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə təsbit olunan məhdudiyyətin ləğv olunması təklif olunub. Biz hüquqşünaslar buna tərəfdarıq, hər hansı bir məhdudiyyətin tətbiq olunması düzgün deyi. Müxtəlif ölkələrdə müxtəlif variantdar mövcuddur, amma Azərbaycanın hazırki demokratik islahatları istənilən formal məhdudiyyəti istisna edir",- deyə o əlavə edib.

Konstitusiyanın 108 - ci maddəsinə təklif olunan dəyişikliklərə əsasən, əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqları Konstitusiya ilə təmin ediləcək və onlara eks - prezident statusu veriləcək.

Milli bankın Mərkəzi bank, Prezidentin İcra Aparatının Prezident Administrasiyası adlandırılması ilə bağlı təkliflər dəmüzakirə olunur.

Trend -un arayışı: Azərbaycan Konstitusiyasının 101 - ci maddəsinin 5 - ci bəndinə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti beş ildir.

Az?rbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla (maddə152) qəbul edilə bilər.

Azərbaycan Konstitusiyasının mətnində dəyişiklikləri Milli Məclisi və ya Azərbaycan Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Konstitusiya Məhkəməsinin (maddə153) rəyi alınır.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə tətbiq olunan məhdudiyyətin ləğv olunması üçün referendum keçirilməsi təklifi ilə çıxış edib. Parlamentdə təmsil olunan bir neçə siyasi partiya, ictimai təşkilatlar və ziyalılar YAP-ın təklifini dəstəkləyib.

Komissiyaların iclasında isə Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinə yeni əlavələr müzakirə edib. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədri Əli Hüseynov deyib ki, əlavəyə əsasən müharibə və hərbi əməliyyatlar zamanı prezident seçkisi keçirmək mümkün olmadıqda, prezidentin səlahiyyət müddəti müharibə başa çatana qədər uzadılır. Bu qərar seçkiləri keçirən orqanın müraciəti əsasında Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunacaq.

Hüseynov deyib ki, digər dəyişikliyə görə Konstitusiyanın 84 maddəsinin 1-ci bəndində hərbi əməliyyatlar zamanı parlament seçkisi keçirilməsi mümkün olmadıqda, müharibə başa çatana qədər parlamentin səlahiyyət müddəti uzadılır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Komissiyaların müzakirələri davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti