...

Naxçıvandakı Maye Karbon Qazı və Quru Buz zavodunda yenidənqurma işləri başa çatıb

Siyasət Materials 23 Dekabr 2008 08:44 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 23 dekabr / Trend müxb. E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Darıdağ massivində yerləşən Maye Karbon Qazı və Quru Buz zavodu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. 

Karbon Qazı Zavodu Açıq Səhmdar Cəmiyyətinin sədri Elman Seyidovun Trend -a verdiyi məlumata görə, 2007-ci ilin may ayından etibarən zavod əsaslı şəkildə yenidən qurulub və məhsul istehsalının çeşidi artırılıb. Bunun üçün 1 milyon 95 min 500 manat vəsait xərclənib. Həmin vəsaitin 680 min manatı Sahibkarlığa Yardım Fondu tərəfindən verilib, qalan 450 min 500 manat isə şəxsi vəsait hesabına ödənilib. Yenidənqurma üçün zavoda Rusiya və Ukraynadan 320 min manatlıq yeni avadanlıqlar gətirilib.

Zavod inzibati və istehsal binalarından ibarətdir. Əsaslı təmir zamanı qazın mənbəyindən zavodadək olan 2650 metr boru xətti yenilənib, 4800 metr məişət su xətti çəkilib.

Müəssisə 3 növbəli iş rejimi ilə işləyəcək və burada 27 işçi fəaliyyət göstərəcək ki, onların da 23-ü yeni yaradılmış iş yeridir.

Elman Seyidovun bildirdiyinə görə zavodun illik istehsal gücü 6300 ton olacaq. Muxtar respublikanın tələbatı isə təqribən 1100 tona yaxındır. Bu da o deməkdir ki, qonşu ölkələrə və Azərbaycanın digər bölgələrinə də isehsal olunmuş karbon qazı və quru buz satılacaq.

Xəbər lenti

Xəbər lenti