...

Referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupu yaradılıb

Siyasət Materials 31 Dekabr 2008 19:03 (UTC +04:00)

Dekabrın 31-də referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupunun təsis yığıncağı keçirilib.
Azərtac-ın yaydığı xəbərə görə, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, yığıncağın gündəliyinə 2009-cu il martın 18-də keçiriləcək referendum üzrə təşviqat qrupunun yaradılması məqsədi ilə referendum təşəbbüs qrupunun formalaşdırılması və adlandırılması, təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrinin təyin edilməsi, bu qrupun səlahiyyətli nümayəndələrinə təşəbbüs qrupu adından notariat qaydasında təsdiq edilmiş vəkalətnaməni imzalamaq hüququnun verilməsi, qrupun yaradılması barədə bildirişlə Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi məsələləri daxil edilib.
Əli Əhmədov dekabrın 26-da Milli Məclisin "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında" qərar qəbul etdiyini xatırladıb. "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, biz təşviqatla bağlı təşəbbüs qrupu yaratmalıyıq. Ölkənin inkişafı qanunvericilikdə zamanın tələblərinə uyğun dəyişikliklər olunmasını tələb edir. Konstitusiyaya 2002-ci ilin avqustunda referendum yolu ilə müəyyən dəyişikliklər edilib. Hazırda isə 29 maddəyə əlavə və dəyişikliklər nəzərdə tutulur. Bu dəyişikliklər cəmiyyət tərəfindən irəli sürülən təkliflər əsasında formalaşmış və onların müzakirəyə çıxarılması təşəbbüsü YAP tərəfindən də müdafiə edilib. Bu dəyişikliklərin hərtərəfli şəkildə seçicilərə çatdırılması və bununla əlaqədar geniş izahat işi aparılması məqsədi ilə qanuna uyğun olaraq "Yeni Azərbaycan" təşəbbüs qrupunun yaradılmasını məqsədəuyğun hesab edirik" - deyə o bildirib.
Təsis yığıncağında çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, YAP idarə heyətinin üzvləri Zahid Qaralov, Kərim Kərimov və başqaları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklər vacibdir, ölkəmizdəki sosial-iqtisadi tərəqqi bu dəyişiklikləri zəruri edibdir.
Təsis yığıncağı iştirakçılarının yekdil qərarı ilə "Yeni Azərbaycan" təşəbbüs qrupu yaradılıb. YAP-ın sədr müavini Əli Əhmədov, partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri seçiliblər.
Sonda "Yeni Azərbaycan" təşəbbüs qrupunun yaradılması barədə bildirişlə Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti