Gürcüstan, Tbilisi, 28 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli məmuru xidməti vəzifəsindən dəfələrlə sui-istifadə etdiyinə görə saxlanılıb.
Bu gün keçirilən brifinqdə baş prokurorun müavini David Sakvarelidzenin bildirdiyinə görə, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq, Məhsul Təhlükəsizliyi və Bitkilərin Mühafizəsi Xidmətinin rəhbəri Levan Okroşneli bu gün səhər saxlanılıb.
Onun sözlərinə görə, Okroşneli departamentin rəhbəri olarkən 2006-cı ilin aprel ayında qanuna zidd olaraq "Meskalin" MMC ilə sazişi rəsmiləşdirib. Sonuncunun razılaşmanı pozmasına baxmayaraq, Okroşneli qanunla onun üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və müqavilədaşın sanksiyasını qeydə almayıb. Əksinə, o, tədarükçü ilə əlavə müqavilələr imzalayaraq bütün tədarüklərin tarixlərini təkbaşına dəyişib. Nəticədə Gürcüstanın dövlət büdcəsi 122 min lari məbləğində zərər görüb.
Tender komissiyasının sədri olaraq 2007-ci il mayın 15-də Okroşneli ciddi qanun pozuntusuna yol verərək seçimini fərdi istehsalçı "Levan Zenaişvili"nin xeyrinə edib. O da öz növbəsində sifarişin yerinə yetirilməsinə görə, əvvəlcədən Okroşnelinin hesabına 150 min lari köçürüb. "Zenaişvilinin elə birinci mərhələdə belə tenderlə nəzərdə tutulan şərtləri yerinə yetirməməsinə baxmayaraq , Okroşneli inskpeksiya qrupunun çoxsaylı neqativ rəylərini qəbul etməmiş və Zenaişviliyə işinin ikinci mərhələsini həyata keçirmək imkanı verib. Saxta sənədləşmə yolu ilə onların hər ikisi dövlət büdcəsindən əlavə 151 min lari əldə edib", - deyə Sakvarelidze bildirib.
Bu zamana qədər Zenaişvili artıq özgə daşınan əmlakın mənimsənilməsi, eləcə də saxta sənədlərdən istifadəyə görə məhkəməyə verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]