...

Azərbaycanın hakim partiyasını referendum üzrə təşviqat qruplarına əhali ilə görüşlər üçün ayrılmış yerlərin siyahısı qane edir

Siyasət Materials 16 Fevral 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasını (YAP) referendum üzrə təşviqat qruplarına əhali ilə görüşləri üçün ayrılmış yerlərin siyahısı qane edir.

"Təşviqat üçün ayrılmış kifayət qədər yerlərdə seçicilərlə görüş üçün normal şərait var. Referendum üzrə bütün təşviqat qrupları ayrılan yerlərdə görüşlərini keçirməlidirlər. Başqa yerlərdə görüş keçirməyə cəhd qanun pozuntusudur", - bazar ertəsi Trend -a hakim partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları  qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start verəcəklər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Təşviqat qruplarının əhali ilə görüşləri üçün açıq və qapalı yerlərin siyahısı açıqlanıb. Siyahıda paytaxtın mərkəzi meydanları göstərilməyib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının öncə Trend -a bildirdiyinə görə, müxalifət partiyalarının referendum üzrə təşviqat qrupları mərkəzi meydanlarda kütləvi aksiyalar keçirmək niyyətindədirlər. Müxalifət partiyaları seçicilərlə görüş keçirmək üçün "Nərimanov" kinoteatrı, Azərbaycan Milli Elmlər Akademiyasının binası, Məşədi Əzizbəyovun heykəli qarşısındakı meydanın və Füzuli meydanının ayrılmasını təklif edirlər.

Qurbanlının sözlərinə görə, müxalifət partiyalarının təşviqat qruplarının şəhərin mərkəzində tədbirlərin keçirilməsini təklif etməsi yalnış yanaşmadır.

Bəzi müxalifət partiyalarının "Yeni Azərbaycan" təşəbbüs qrupunun vaxtından əvvəl təbliğat aparması iddialarına gəlincə, Qurbanlı bu iddiaların əsassız olduğunu bildirib.

""Yeni Azərbaycan" təşviqat qrupu kampaniyaya start verilən kimi təbliğata başlayacaq. Yerlərdə keçirdiyimiz tədbirlər partiyanın daxili tədbirləri olub. "Yeni Azərbaycan" təşviqat qrupu təşviqatçıları üçün treninqlər keçirib. Bunu kimlərsə anlamırsa, həmin şəxslərin siyasi savadına şübhə edirəm", - hakim partiyanın icra katibinin müavini bildirib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti