Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir N.Abdullayeva /
Cümə günü Bakıda Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya Federasiyası (RF) Prezident Administarsiyasının rəhbəri Sergey Narışkin və iki ölkə hökumətinin rəsmi şəxsləri iştirak ediblər.
Azərbaycan prezidenti yanvarın 15-də Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması haqqında sərəncam imzalayıb. Təhsil fəaliyyəti MDU-nun tədris planı və proqramına əsaslanır. Dərslər əsasən Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır, filialın məzunlarına MDU-nun diplomu veriləcək.
Universitetin Bakı fililalında mövcud olan filologiya, kimya və tətbiqi riyaziyyat fakültələrinin hər birinə 25 tələbə qəbul edilib.
RF Prezident Administarsiyasının rəhbəri Bakıda səfərdədir. Rusiyanın Azərbaycandakı səfirliyindən əvvllər Trend -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə iki ölkə arasında mal dövriyyəsi 1,9 mlrd. dollar təşkil edib. Bu rəqəmin 0,58 mlrd. dolları Azərbaycandan Rusiyaya ixracın, 1,34 mlrd. dolları isə idxalın payına düşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]