...

Azərbaycanda keçiriləcək referendumla bağlı Daxili İşlər Nazirliyində tədbirlər planı hazırlanıb

Siyasət Materials 13 Mart 2009 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda keçiriləcək referendumla bağlı Daxili İşlər Nazirliyində (DİN) tədbirlər planı hazırlanıb.

Tədbirlər planına əsasən, Daxili İşlər Nazirliyinin bütün orqan və hissələri martın 17-dən 20-dək gücləndirilmiş iş rejimində çalışacaq, cümə günü Trend -a DİN-in Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib.

Trend -un arayışı: Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar asayişin mühafizəsi, ictimai qayda və təhlükəsizliyin təmin edilməsinə dair hazırlanmış tədbirlər planı daxili işlər nazir Ramil Usubov tərəfindən təsdiqlənib.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Gözəlov deyib ki, tədbirlər planına əsasən səsvermə hüququna malik vətəndaşların siyahısının dəqiqləşdirilməsi, onların şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilməsi, habelə ölkədə qeydiyyatda olan, lakin respublikadan kənarda yaşayan şəxslərin, eləcə də son vaxtlar qeydiyyatdan çıxaraq yaşamaq və işləmək üçün digər ölkələrə gedən şəxslərin siyahısının hazırlanması prosesini tədbirlər planına uyğun olaraq fevralın 21-də başa çatdırılıb. Tədbirlər planında, həmçinin, seçkiyədək ölkədə olan qeyri-leqal miqrantların respublikadan çıxarılması, martın 17-dək isə 18 yaşı tamam olaraq səsvermə hüququ əldə edən gənclərin şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi barədə göstəriş əksini tapıb.

"Seçki kampaniyası ərəfəsində və ondan sonra qanunsuz kütləvi aksiyaların qarşısının qətiyyətlə alınması tədbirlər planında göstərilib. Seçkiyə start verilənədək səsvermə bülletenlərinin mühafizəsinin gücləndirilməsi, səsvermə başa çatdıqdan sonra isə onların məntəqələrdən Dairə Seçki Komissiyalarına, oradan da Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik qaydaları və mühafizə işi tam təmin ediləcək", - Gözəlov əlavə edib.

Bundan başqa, ölkədə keçiriləcək referendumla əlaqədar müşahidə missiyasını yerinə yetirmək üçün respublikaya gələn xarici ölkə vətəndaşlarının da təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımlar atılacaq.

Mətbuat Xidmətinin rəhbəri referendum günü səsvermə halları istisna olmaqla, polis əməkdaşlarının səsvermə məntəqəsinə yalnız xüsusi geyim formasında və referendum komissiyasının qərarına əsasən, ictimai qaydanın bərpa edilməsi məqsədi ilə gəlməsinə icazə verildiyini söyləyib: "İctimai qayda bərpa olunduqdan sonra isə polis əməkdaşları dərhal məntəqədən çıxarılacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti