...

Özbəkistanın etirazlarına baxmayaraq Qırğızıstan və Tacikistan hidroelektrik stansiya tikəcəklər – ekspert

Siyasət Materials 8 Aprel 2009 09:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbirlər V.Javoronkova, Y.Ostapenko/

European Union's Central Asia Monitoring (EUCAM) layihəsinin qırğızıstanlı eksperti Gülurə Toraliyeva hesab edir ki, Qırğızıstan və Tacikistandakı enerji böhranı hər iki ölkədə siyasi vəziyyəti qeyri-stabilləşdirə bilər və bu səbəbdən onlar Özbəkistanın etirazlarına baxmayaraq, hidroelektrik stansiya tikəcəklər (HES).

"Özbəkistanın su ilə bağlı məsələdə sərt mövqeyinə baxmayaraq, Qırğızıstan və Tacikistan öz ərazilərində HES inşa etməyə can atacaqlar. Hər iki ölkə ciddi enerji böhranı keçirir və bunun qarşısını almaq lazımdır", - Toraliyeva deyib.

Qazaxıstanın Baş naziri ötən həftənin sonunda Daşkəndə səfər edib. Bununla yanaşı, Qazaxıstan və Özbəkistanın dövlət başçıları Nursultan Nazarbayevlə İslam Kərimov arasında telefon danışığı olub. İki ölkənin də mənbəsi Sırdərya və Amudərya olan su problemi var. İki digər ölkədə isə - Qırğızıstan və Tacikistanda elektrik enerjisi çatışmazlığı var. Qeyd edək ki, Sırdərya və Amudərya çayları ilk öncə Qırğızıstanla Tacikistanın ərazisindən keçir. Enerji çatışmazlığını aradan qaldırmaqdan ötrü Qırğızıstan və Tacikistan əlavə HES inşa etməlidirlər ki, bu da nəticədə çaylarındakı su səviyyəsinin azalmasından ehtiyat edən Özbəkistanın narazılığına səbəb olur.

"Enerji böhranı hər iki ölkəni iqtisadi və humanitər planda neqativ hallarla üz-üzə qoyub və bu, siyasi vəziyyətin qeyri-stabilləşməsi ilə nəticələnə bilər", - Toraliyeva qeyd edib.

Ekspertin fikrincə, hazırda su məsələsi ilə bağlı Özbəkistan Prezidenti Kərimovla dialoq qurmaq üzərində işləmək lazımdır ki, danışıqlar və kompromis üçün zəmin yaransın. Ekspert bildirib ki, Qazaxıstan və Özbəkistanın danışıqlar aparmalarına baxmayaraq, hələ də onların su məsələsində ortaq mövqeyi yoxdur.

"Düşünmürəm ki, Özbəkistan və Qazaxıstan rəhbərliyinin görüşü zamanı Qırğızıstanla Tacikistanda HES inşası məsələsi ilə bağlı real mövqe yaxınlığı baş verib", - Toraliyeva hesab edir.

Toraliyevaya görə, Qazaxıstan Özbəkistanla müqayisədə su məsələsində daha yumşaq mövqe nümayiş etdirir.

"Həm də Qazaxıstan və Qırğızıstan Özbəkistanın iştirakı olmadan bir sıra məsələləri həll edirlər", - Toraliyeva qeyd edib.

Ekspet hesab edir ki, bununla yanaşı, digər siyasi, iqtisadi və sosial səbəblər var ki, onlara görə Qazaxıstan məsələ ilə bağlı mövqeyini sərtləşdirməyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti