...

Azərbaycanın müxalifət liderləri rəsmi Ankaranı Ermənistanla sərhədlərin açılmasından imtina etməyə çağırır

Siyasət Materials 8 Aprel 2009 13:14 (UTC +04:00)
Azərbaycanın müxalifət liderləri rəsmi Ankaranı Ermənistanla sərhədlərin açılmasından imtina etməyə çağırır

Azərbaycan, Bаkı, 08 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifət liderləri hesab edirlər ki, rəsmi Ankara beynəlxalq təzyiqlərə baxmayaraq Ermənistanla sərhədlərin açılmasından imtina etməlidir.

"Azərbaycanın bütün siyasi qüvvələri sərhədlərin açılması ehtimalının qarşısının alınması üçün mütləq Türkiyənin hakim dairələrinə, bu ölkənin siyasi təşkilatlarına birgə müraciət ünvanlamalıdırlar. Bu məsələdə Azərbaycanın iqtidar və müxalifət düşərgəsində fərqli düşünən yoxdur", - çərşənbə günü Trend -a Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məmmədov deyib ki, sərhədlərin açılması üçün təzyiqlər Türkiyənin əvvəlki hökumətlərinə də olub, onların heç biri geri çəkilməyərək, Azərbaycanı tək qoymayıb.

Müxalif partiya lideri deyib ki, Türkiyədə indi hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası isə geriyə addımları dalbadal atır.

"Bu cür addımlar Şimali Kipr məsələsində də atılıb. Növbəti mərhələ isə Azərbaycan və Ermənistanla bağlıdır. Türkiyədə artıq sərhədlərin açılması üçün bütün hazırlıq işləri görülüb. Sadəcə, Azərbaycan hökumətinə təzyiq göstərib, bununla barışmağa məcbur etmək istəyirlər. Ermənistanla münaqişə məsələsində Azərbaycanın yeganə müttəfiqi olan Türkiyə geri çəkilərsə və sərhədlərini açarsa, bu o deməkdir ki, Ermənistan çox sürətlə inkişaf edəcək", - Məmmədov qeyd edib.

АMİP 1992-ci ildə yаrаdılаn və Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər. Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

"Türkiyə Azərbaycan üçün həmişə doğma bir dövlət olduğundan, Ermənistanla sərhədlərin açılması bizi təəccübləndirməyə bilməz", - çərşənbə günü Trend -a Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət bildirib.

Onun sözlərinə görə, istər müharibə zamanı, istərsə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan sülh danışıqları prosesində Türkiyə həmişə Azərbaycanın mövqeyini dəstəkləyib.

Şövkət deyib ki, Türkiyənin Ermənistanla sərhədləri açması məsələsinin gündəmə gəlməsi təzyiqlərlə bağlıdır.

"Bildiyiniz kimi, Türkiyə neçə ildir Avropa Birliyinə üzv olmağa çalışır. Bu qurum isə Ermənistanla sərhədlərin açılmasını Türkiyənin qarşısında bir tələb kimi irəli sürür. Ona görə sözsüz ki, bu məsələ gündəmə gəlib", - MHB lideri vurğulayıb.

Buna baxmayaraq, müxalif hərəkatın lideri Türkiyənin sərhədləri yaxın zamanda açacağına inanmır. "Mənə elə gəlir ki, bu söhbətin gündəmə gətirilməsi ictimai rəyi öyrənmək üçün nəzərdə tutulub. Sözsüz ki, Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycanın ziddinə olan qərar kimi qəbul olunacaq", - Şövkət qeyd edib.

ALP sabiq dövlət katibi Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. O, müxalifətçi Liberal Partiyanın qurucusu və lideridir.

Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti