...

Müstəqil Fələstin dövləti yoxdursa İsraillə sülh də olmayacaq

Siyasət Materials 15 Aprel 2009 08:55 (UTC +04:00)
Müstəqil Fələstin dövləti yoxdursa İsraillə sülh də olmayacaq

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir Ü.Sadıxova /

Fələstin-İsrail danışıqları davam etdirilsə də, İsrailin müstəqil Fələstin dövlətini tanımaması sülh danışıqlarındakı irəliləyişə əngəl törədir.

VVS Russian-ın bazar ertəsi verdiyi məlumata əsasən, İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı zamanı sülh razılaşması məqsədi ilə danışıqları davam etdirmək niyyətində olduğunu bildirib.

Lakin Netanyahu Fələstin-İsrail münaqişəsinin nizamlanmasında bütün beynəlxalq razılaşmaların əsası olan Fələstin dövlətinin yaradılmasına dəstəyini təsdiq etəyib.

Seçkiqabağı təşviqat kampaniyası zamanı Netanyahu fələstinlilərlə danışıqlara hazır olduğunu bildirsə də, Fələstin dövlətinin yaradılması barədə danışmağı lüzumsuz bildi. Bunun əvəzinə o, fələstinlilərə Qərb Sahilinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması və HƏMAS-ın silahlı müqavimətinin aradan qaldırılması istiqamətində əməkdaşlıq təklif etdi.

Lakin İsrail XİN rəhbəri Aviqdor Liberman ABŞ və Aİ-nin dəstəklədiyi Annapolisdə konfrans zamanı Fələstin dövlətinin yaradılmasını daxil edən qəbul olunmuş prinsipləri rədd etdi.

"Danışıqlarda irəliləyişə nail olmaqdan ötrü İsrail Qərb Sahilində yəhudi tikililərinin inşasını dayandırmalı və fələstinli qaçqınlarla bağlı problemi həll etməlidir. Amma İsrailin fəaliyyətdə olan hökuməti buna hazır deyil", - Trend -a telefon bağlantısı zamanı Chatham House Britaniya analitik mərkəzinin rəhbəri Robert Lou Londondan bildirib.

Abbasın İsrailin sağ-mərkəzçi hakimiyyəti ilə danışıqlara getməsi HƏMAS-ın sərt mövqeyini yumşaltmaq məqsədi daşıyır.

Fələstinin "Əl-Əyyam" qəzetinin icmalçısı Məhəmməd Yahi hesab edir ki, Netanyahu ilə aparılan danışıqlarda Abbas Amerika dəstəyinə və ABŞ Administrasiyasının İsrailə təzyiq etməsinə arxalanır.

Fələstin rəhbərliyinin belə mövqeyi nəticə verməyəcək.

"Bu sadəcə dünya ictimayyətini yəhudi yaşayış məntəqələrinin inşası və Qüdsün (Yerusəlim) təcridi fonunda sülh danışıqlarının aparıldığına inandırmaqda İsrailə yardım edəcək", - Yahi Trend -a bildirib.

Al Jazeera saytının verdiyi məlumata görə, HƏMAS nümayəndələri Abbasın Netanyahu ilə dialoqunu Fələstin milli hökumətinin yaradılmasına zərbə kimi dəyərləndirib.

Hakim FƏTH partiyası və HƏMAS hərəkatı Misirin vasitəçiliyi ilə iki aydır ki fələstindaxili münaqişələrə son qoymaq və milli hökumət formalaşdırmaqdan ötrü danışıqlar aparırlar.

Fələstin Administrasiyası rəhbəri onu da bildirib ki, İsrail fələstinlilərin dövlət qurmaq hüququnu tanımayınca dialoqun bərpası mümkün deyil.

Beqin-Sadat strateji araşdırmalar mərkəzinin aparıcı politoloqu Qilel Friş hesab edir ki, HƏMAS-la qarşıdurma olduğu halda İsrail qəti mövqe nümayiş etdirə bilməz.

"Netanyahu danışıqları davam etdirməkdən ötrü Abbas hökumətinin sabitliyinə əmin olmaq istəyir. Abbasın danışıqlar prosesində yaxşı səriştəsi var. Lakin İsrail HƏMAS-ı (FA-nın daxili siyasətindən) kənarlaşdırmaq niyyətindədir", -

Beynəlxalq vasitəçilərin İsrail və fələstinlilərə təzyiqləri sülh prosesiniə yardım etsə də irəliləyişə səbəb olmayacaq.

"Fələstin hökumətinin zəifliyi və İsraildəki parçalanma - danışıqlarda irəliləyiş əldə etməkdən ötrü bunları adlamaq lazımdır", - Lou deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti