...

Ermənistan QİƏT-ə sədrliyi Azərbaycana təhvil verib

Siyasət Materials 16 Aprel 2009 17:00 (UTC +04:00)

Ermənistan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının cümə axşamı Yerevanda baş tutan iclasında təşkilata sədrliyi Azərbaycana təhvil verib.

QİƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası 15-16 aprel tarixlərində Yerevanda keçirilir. Ermənistan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədr ölkə öhdəliklərini 2008-ci ilin noyabrında qəbul edib və onun təşkilata sədrliyi 2009-cu il 30 aprel tarixində başa çatır.

"Biz təşkilata sədrliyi Azərbaycana təhvil veririk və regionun qüvvətləndirilməsi və möhkəmləndirilməsi işində ona uğurlar arzu edirik", - deyə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Nalbandyanın sözlərinə görə, Ermənistan, təşkilata sədrlik etdiyi dövr ərzində QİƏT-in nüfuzunun artması üçün ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, QİƏT-in digər beynəlxalq təşkilatlarla tərəfdaşlığının qurulmasına mühüm əhəmiyyət verərək səylərini əsirgəməyib.

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev öz növbəsində qeyd edib ki, respublika məsuliyyət hissi ilə təşkilata sədrliyi qəbul edir və təşkilatı daha səmərəli və əhəmiyyətli struktura çevirməyə çalışacaq.

Məmmədquliyev QİƏT-ə sədrlik çərçivəsində əsas prioritetlər kimi, mövcud təşkilati problemlərin, əməkdaşlığa mane olan və onun səmərəli fəaliyyəti üçün maneələr yaradan hüquqi çatışmazlıqların həllini qeyd edib. Nazir müavini bildirib ki, regional əməkdaşlıq yalnız regionda sülh, sabitlik və təhlükəsizliyin mövcud olacağı təqdirdə uğurlu olacaq.

Məmmədquliyev bununla əlaqədar əmin edib ki, Azərbaycan regionda tammiqyaslı əməkdaşlığa mane olan həll edilməmiş münaqişələrə diqqət ayıracaq.

"Biz Aİ ilə əməkdaşlığı, QİƏT-in fəaliyyətinin səmərəliliyini və təsir qüvvəsini qaldırmaq məqsədi ilə institutlarımızın möhkəmləndirilməsində təşkilatın təcrübəsindən istifadəni davam etdirəcəyik", - deyə Azərbaycanın xarici işlər nazirinin müavini bildirib.

QİƏT (Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının) 1992-ci ildə yaradılıb. Hazırda Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna təşkilatın daimi üzvləridir.

QİƏT-də müşahidəçi dövlətlər isə Avstriya, Belarus, Xorvatiya, Çexiya, Misir, Fransa, Almaniya, İtaliya, Polşa, Slovakiya və ABŞ-dır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti