...

Azərbaycanın sosialist partiyalarının Əlaqələndirmə Şurasında narazılıq yaranıb

Siyasət Materials 18 Aprel 2009 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın soltəmayüllü - Xalq Sosialist, Mütərrəqi-Sosialist partiyalarının birləşmə barədə qərarları onların əməkdaş olduqları Solçu Demokrat Partiyası (SDP) üçün gözlənilməz olub. Hər üç partiya bu ilin fevralında yaradılan sosialist partiyalarının Əlaqələndirmə Şurasında təmsil olunur.

"Əlaqələndirmə Şurasında təmsil olunan partiyaların müstəqil qərar qəbul etmək hüquqları var və bu hüquqa hörmətlə yanaşıram. Amma onların nə səbəbdən birləşmək barədə qərar qəbul etmələri mənim üçün qaranlıq qalır. Qısa vaxtda bu məsələyə aydınlıq gətirəcəm", - şənbə günü Trend -a yeni təsis olunacaq SDP sədri Elşən Manafov bildirib.

Trend -un arayışı:  Azərbaycan Mütərəqqi Sosialist Partiyası (AMSP) və Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) bu həftənin çərşənbə günü birləşmək barədə razılığa gəliblər. Razılığa əsasən, AMSP-nin üzvləri və təşkilati strukturları AXSP-nin müvafiq strukturlarına birləşəcək. AMSP sədri Rüstəm Şahsuvarov AXSP sədrinin ictimai əlaqələr üzrə müavini vəzifəsini tutacaq.

Manafov Xalq Sosialist, Mütərrəqi-Sosialist partiyalarının birləşməsinin onların sonrakı fəaliyyətinə müəyyən təsir edəcəyini deyib.

Azərbaycan Mütərəqqi Sosialist Partiyasının keçmiş sədri, hazırda Azərbaycan Xalq Sosialist Partiyasının sədr müavini Şahsuvarovun Trend -a bildirdiyinə görə, partiyaların birləşməsi Solçu Demokrat Partiyası ilə sonrakı müttəfiqlik əməkdaşlığına heç bir təsir göstərməyəcək.

"Partiyaların birləşməsi barədə Elşən Manafova məlumat verməyi çatdırmamışıq. Partiyaların birləşməsi Əlaqələndirmə Şurasının fəaliyyətinə təsir etməyəcək", - Şahsuvarov bildirib. 

Şahsuvarov Əlaqələndirmə Şurasında bundan sonra iki partiya - Xalq Sosialist və Solçu Demokrat partiyalarının təmsil olunacağını bildirib. "Şurada Xalq Sosialist partiyası sədrinin ictimai əlaqələr üzrə müavini və solçu ekspert qismində təmsil olunacam", - o bildirib.  

Trend -un arayışı: Rüstəm Şahsuvarov Azərbaycan Mütərəqqi Sosialist Partiyası yaradılanadək Azərbaycan Kommunist Partiyasının üzvü olub. Azərbaycanın Xalq Sosialist Partiyası ötən ilin oktyabrında təsis edilib.

Elşən Manafov Azərbaycan Sosial Demokrat Partiyası sədrinin ideoloji məsələlər üzrə katibi və Mərkəzi Komitənin Büro üzvü olub. Ötən ilin sentyabrında partiyanın həmsədri Araz Əlizadəni qurumu idarə edə bilməməkdə ittiham edən Manafov partiyadan xaric olunub. Bundan sonra o, öz tərəfdarları ilə yeni Solçu Demokrat Partiyası yaratmaq barədə qərar verib. Partiyanın bu ilin payızında təsis olunacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti