...

İran Prezidenti BMT TŞ ölkələrinin bəyanatında qeyd olunmuş mənfi cəhətlərdən narazıdır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Aprel 2009 17:33 (UTC +04:00)
İran Prezidenti BMT TŞ ölkələrinin bəyanatında qeyd olunmuş mənfi cəhətlərdən narazıdır (ƏLAVƏ OLUNUB)

"BMT Təhlükəsizlik Şurası (TŞ) ölkələrinin İranla müzakirələrə hazır olduqları bəyanatında iki mənfi mövzu var idi", - İran Prezidenti Mahmud Əhmədinejad bildirib. Onun sözlərinə görə, birincisi, İranla müzakirələrdə ikili siyasətin (danışıqlar və sanksiyaların) yürüdülməsi və digəri isə, İranın nüvə məsələsinin BMT TŞ-də müzakirə edilməsi iki mənfi cəhətdir. Bu barədə MEHR xəbər agentliyi aprelin 28-də məlumat yayıb.

İran Prezidenti Əhmədinejad çərşənbə axşamı İranda "Tibb bacıları" günü ilə bağlı keçirilən iclasda çıxış edərkən bildirib ki, İran hazırda nüvə texnologiyaları sahəsində "ən uca zirvələri" fəth edib. "Qərb İranın sülhyönlü nüvə məsələsi ilə bağlı çoxlu sanksiyalar və qətnamələr qəbul etdikdən sonra, bu gün TŞ ölkələri bəyanat yayaraq İranla müzakirələrə hazır olduğunu bildirib", - deyə Əhmədinejad bildirib.

Əhmədinejad İranın danışıqlar aparmağın tərəfdarı olduğunu, lakin Qərbin mövqeyinin dəyişmədiyini bildirib. "İran isə öz bəyanatında bildirib ki, İran danışıqlar aparmağın tərəfdarıdır, lakin sizin mövqeyiniz əvvəlki mövqeyinizlə eynidir və dəyişməyib. TŞ ölkələrinin bəyanatında ikinci mənfi cəhət İranın nüvə məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsi məsələsidir. İran öz bəyanatında bildirib ki, İranın nüvə məsələsi MAQATE çərçivəsində həll olunmalıdır", - deyə Əhmədinejad bildirib.

İki həftə öncə BMT TŞ-nin beş daimi üzvi və Almaniya ("5+1" qrupu) Avropa İttifaqının xarici siyasət məsələləri üzrə səlahiyyətli nümayəndəsi Havier Solanadan İrana "altılıq" ölkələri ilə müzakirələrə qoşulmaq üçün dəvətnamə göndərməyi istəmişdi. Solana bir neçə gün öncə son çıxışı zamanı İran tərəfinin hələlik "5+1" qrupu ilə müzakirələrdə iştirak edib-etməmək barədə bəyanat vermədiyini söyləmişdi. İran Prezidenti Solanaya cavab olaraq, yaxın günlərdə bəyanat yayaraq "5+1" qrupuna cavab verəcəklərini bildirmişdi.

Əhmədinejad bildirib ki, bu gün İran xalqının düşmənləri dəyişikliklərdən danışır. "Biz dəyişiklik etməyi alqışlayırıq və biz sabitlik tərəfdarıyıq. Biz sizə dəyişiklikləri əməldə etməyinizi məsləhət görürük", - deyə Əhmədinejad bildirb.

Xəbər lenti

Xəbər lenti