Azərbaycan, Bakı, 10 may / Trend , müxbir C.Babayeva /
Hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edib ki, iqtidar-müxalifət dialoqunun başlanması istiqamətində irəliləyişlər əldə olunub.
"Hesab edirəm ki, dialoq təşəbbüsü irəliləməkdədir, çünki Parlamentdə təmsil olunan partiyalar, o cümlədən çoxluq təşkil edən YAP bir neçə müştərək tədbirlər keçirib. Güman edirəm ki, bu tədbirlərin keçirilməsi iqtidar-müxalifət dialoqunun başlanğıcıdır", - bazar günü Trend -a hakim Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icraçı katib Əli Əhmədov bildirib.
Trend - un arayışı: 2005-ci ilin Parlament seçkiləri ərəfəsində ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar arasında bir necə görüş keçirilib. Sonradan dialoqu davam etdirmək mümkün olmayıb. Ötən il oktyabrın 15-də keçirilən prezident seçkisində bir neçə müxalifət partiyası YAP-ın namizədini dəstəkləyib. Seçkidən sonra YAP-ın bu partiyalarla dialoqu məsələsi yenidən gündəmə gəlib.
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov daha öncə Trend -a deyib ki, partiya müxalifətlə heç bir şərt irəli sürmədən dialoqa hazırdır.
Əhmədov dialoq təşəbbüslərinin davam etdirilməsi, Azərbaycanın milli maraqları ilə əlaqədar birgə müzakirələrin təşkil edilməsinin partiyaların yaxınlaşmasına təkan verəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, müştərək tədbirlər dialoq mühitinin möhkəmlənməsinə kömək edəcək.
YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]