...

Azərbaycanda ali təhsil ocağına silahlı basqınla bağlı 500 nəfərdən artıq şəxs şahid qismində dindirilib - Baş Prokurorluq

Siyasət Materials 13 May 2009 14:24 (UTC +04:00)
Azərbaycanda ali təhsil ocağına silahlı basqınla bağlı 500 nəfərdən artıq şəxs şahid qismində dindirilib - Baş Prokurorluq

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda ali təhsil ocağına silahlı basqınla bağlı 500 nəfərdən artıq şəxs şahid qismində dindirilib, çərşənbə günü Trend -a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

"Bu cinayətlə bağlı 8 nəfərin həbs olunması barədə yayılan məlumatların heç bir hüquqi əsası yoxdur və dindirilən şəxslər sırasında Ariz Qabulov, Mədət Kazımov və başqaları da var. Lakin onların heç birinə qarşı ittiham elan edilməyib", - deyə Sultanov bildirib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, qeyd edilən cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşları Əliyev Nadir Şirxan oğlu və Amirov Cavidan Fərman oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bəzi KİV-lərdə bu işlə bağlı 8 nəfərin həbs olunması barədə məlumatlar yayılıb.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.
Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı həbs olunmuş Gürcüstan vətəndaşı Nadir Əliyevə qarşı Cinayət Məcəlləsinin 32.5, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmədə iştirakçılıq), 32.5,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmədə iştirakçılıq), 32.5,120.2.7 (iki və ya daha çox şəxsi öldürmədə iştirakçılıq), 29, 32.5, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhddə iştirakçılıq), 29, 32.5,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə iştirakçılıq), 29, 32.5, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhddə iştirakçılıq) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə), Marneuli rayonunun Şulaveri qəsəbə sakini Cavidan Amirova qarşı 228.1-ci və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) maddələri ilə ittihamlar irəli sürülüb.  

Sultanov hazırda istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini və istintaqın gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti