...

Türkiyənin Baş nazirinin çıxışı bütün narahatlıqlara son qoymağa ciddi əsaslar verir – Azərbaycanın hakim partiyasının sədr müavini

Siyasət Materials 13 May 2009 17:29 (UTC +04:00)
Türkiyənin Baş nazirinin çıxışı bütün narahatlıqlara son qoymağa ciddi əsaslar verir – Azərbaycanın hakim partiyasının sədr müavini

Azərbaycan, Bаkı, 13 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyasının sədr müavini hesab edir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışı bütün narahatlıqlara son qoymaq üçün ciddi əsaslar verir.

"Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı ilə bağlı Ərdoğanın Bakıda söylədiklərinə inanıram. Türkiyə həmişə Azərbaycanı müdafiə edib, Azərbaycanla bir olub və bir millət iki dövlət məntiqindən çıxış edərək qəti şəkildə inanıram ki, bundan sonra da həmişə bir olacağıq", - Trend -un məlumatına görə, çərşənbə günü jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP)sədr muavini,icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Trend -un arayışı: Ərdoğan Parlamentdə çıxışı zamanı deyib ki, Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ işğalına görə bağlanıb, işğal bitəndən sonra sərhəd açıla bilər.

"Biz Azərbaycandan fərqli düşünə bilmərik. Bir millət, iki dövlət anlayışı bizim üçün prinsipialdır və biz bundan vaz keçmirik. Qafqaz çox strateji regiondur və bu regionda olan problemlər çox təhlükəlidir. Rusiya ilə Gürcüstan arasında olan münaqişə buna bir misaldır. Qafqazda barış çox önəmlidir", - Türkiyənin Baş naziri əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. Ümumilikdə Azərbaycan ərazisinin 20%-i Ermənistanın işğalı altındadır.

Əhmədov deyib ki, Türkiyə tərəfinin bundan yuxarı səviyyədə bəyanat verməsi mümkün deyil.

"Bu, ən yuxarı səviyyəli və səlahiyyət sahibi olan bir adamın səsləndirdiyi bir bəyanatdır", - hakim partiya rəsmisi əlavə edib.

Onun fikrincə, Azərbaycan qardaş Türkiyənin ən yüksək səlahiyyətli nümayəndəsinin dilindən səslənən sözlərə inanmalıdır.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü Bakıda təkbətək görüşü olub.  

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırki vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

Türkiyənin Baş naziri Ərdoğan çərşənbə axşamı gecə Bakıya gəlib. Ərdoğanı Bakı səfərində həyat yoldaşı Əminə Ərdoğan, dövlət naziri Zəfər Çağlayan, xarici işlər naziri Əhməd Davudoğlu, mədəniyyət və turizm naziri Ərtoğrul Günay, enerji və təbii ehtiyatlar naziri Tanər Yıldız, nəqliyyat naziri Binəli Yıldırım müşayiət edir.

Türkiyənin Baş naziri Azərbaycana səfəri çərçivəsində çərşənbə günü ilk öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Daha sonra Baş nazir Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların məzarını və türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti