...

İranın narkotiklərlə mübarizədə digər ölkələrin dəstəyinə ehtiyacı var – İran Polisinin komandiri

Siyasət Materials 20 May 2009 16:29 (UTC +04:00)

İran narkotiklərlə mübarizədə qabaqcıl ölkələrdəndir və bunu davam etdirmək üçün digər ölkələrin dəstəyinə ehtiyacı var. Bu barədə İran Polisinin komandiri İsmayıl Əhmədi Müqəddəm çərşənbə günü İran polisinin Sistan və Bəluçistan əyalətində keçirdiyi "təhlükəsizlik və güc" təlimləri zamanı jurnalistlərə bildirib. Məlumatı İRNA xəbər agentliyi yayıb.

Əhmədi Müqəddəm bildirib ki, İran narkotik maddələrin Avropa və ərəb ölkələrinə nəqli üçün tranzit yoldur, bu baxımdan da digər ölkələrin İranın narkotiklərlə mübarizə proqramlarını dəstəkləmələri vacibdir.

"Narkotik maddələrlə bağlı bütün ölkələrdə problemlər yaşanır və bu, dünya gənclərini uçuruma aparır. Sözügedən problemlərlə mübarizə bütün ölkələrin əməkdaşlığı ilə həyata keçirilməlidir", - deyə Əhmədi Müqəddəm bildirib.

Əhmədi Müqəddəm əlavə edib ki, Avropa ölkələri narkotiklərlə mübarizədə ölkə daxilində çəkdikləri xərclərin bir faizini İran-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə ayırsalar, öz ölkələrinə narkotik maddələrin daşınmasının qarşısını almış olacaqlar.

İran polisi ötən üç il ərzində narkotiklərlə mübarizədə Əfqanıstan və Pakistanla sərhədləri möhkəmləndirmək məqsədi ilə 800 milyon dollar sərmayə yatırıb. "Sərhədlərin möhkəmləndirilməsi məqsədi ilə 460 kilometr xəndək qazılıb, 80 kilometr uzunluğunda beton divar tikilib, sərhədboyu 160 müşahidə məntəqəsi yaradılıb", - deyə Əhmədi Müqəddəm bildirib.

Xəbər lenti

Xəbər lenti