...

Xatəminin azərbaycanlıları təhqir etməsi ilə bağlı şayiələr seçkiqabağı təxribatdır – İranın sabiq vitse-prezidenti

Siyasət Materials 25 May 2009 16:40 (UTC +04:00)
Xatəminin azərbaycanlıları təhqir etməsi ilə bağlı şayiələr seçkiqabağı təxribatdır – İranın sabiq vitse-prezidenti

Azərbaycan, Bakı, 25 may / Trend , müxbir D.Xatınoğlu /

"Sabiq Prezident Məhəmməd Xatəmi heç bir zaman etnik qrupları təhqir etməyib, bu hakimiyyətdə olan qüvvələrin seçkiqabağı islahatçılara qarşı hazırladığı provakasiyadır", - Xatəminin müavini Məhəmməd Əli Əbtəhi Trend -a bildirib.

Qeyri-rəsmi məlumatlara görə, İranda 35 milyona yaxın azərbaycanlı (əsasən Şərqi və Qərbi Azərbaycan ostanlarında) yaşayır.

Tehran Universitetinin azərbaycanlı tələbələri ötən gün (mayın 24-də) universitetin qarşısında etiraz mitinqi keçiriblər. Mitinqdə Xatəminin Azərbaycan xalqından üzr istəməsi tələb olunub. Bu barədə hakimiyyətin rəsmi agentliyi İRNA məlumat yayıb.

Məlumata əsasən, son günlərdə yayılmış videoçarxda Xatəminin İranda yaşayan azəribaycanlılar barədə lətifələr danışaraq onları təhqir etdiyi nümayiş olunur. Tehran Universitetinin azəribaycanlı tələbələri mitinqdə "Nə vaxta qədər təhqir?", "Xatəmi, Xatəmi, utan, utan!" , "Azadlıq, demokratiya və hamı üçün bərabər hüquq" və "Haray, haray, mən türkəm!" məzmunlu lövhələr daşıyıblar.

Əbtəhi bildirib ki, Xatəmiyə qarşı təxribat yeni deyil. "Xatəmi növbəti prezident seçkilərinə namizədliyini geri götürməzdən əvvəl ona qarşı bir sıra təxribatlar hazırlanmışdı. Məsələn, hakim koalisiya (konservativlər) bəzi dini alimlərin Xatəmiyə qarşı bəyanatını lentə almışdılar. Xatəminin azəri xalqını təhqir etməsi ilə bağlı yayılmış videoyazı isə gizli şəkildə çəkilib və bu, videomontajdır" - deyə Əbtəhi Trend -a telefonla Tehrandan bildirib.

Onun sözlərinə görə, Xatəmi hazırda prezident seçkilərinə namizəd Mir Hüseyn Musəvini dəstəkləyir. "Musəvi azəridir, Xamnə şəhərində dünyaya gəlib. Konservativlər çalışırlar ki, Xatəmiyə qarşı təxribat törədərək azərbaycanlıların dəstəyini öz doğma namizədləri olan Müsəvidən kəssinlər", - Əbtəhi bildirib.

Əbtəhinin sözlərinə görə, həm Xatəminin, həm də Musəvinin İranda yaşayan azərbaycanlılara böyük hörmətləri var və azərbaycanlılar hələ də Musəvini doğma namizəd kimi dəstəkləyirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti