...

Azərbaycanın müxalifət partiyası Rusiya səfirliyi qarşısında aksiyalara başlayacaq

Siyasət Materials 17 İyun 2009 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir A.Hüseynbala / 

Azərbaycanın müxalif Ədalət Partiyası Rusiya səfirliyi qarşısında aksiyalara başlayacaq.

"Əgər Etimad İsmayılovun barəsində ədalətli hökm çıxarılmasa, biz Rusiya səfirliyinin qarşısında və onların tədbirlərinə qarşı etiraz aksiyalarına başlaycağıq. Çalışacağıq ona nail olaq ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin diqqətini "Etimad İsmayılovun işi"ndəki qanunsuzluqlara və özbaşınalıqlara yönəldə bilək". Bunu çərşənbə günü Trend -a Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü ötən ilin martında Moskvada Çelybinsk vilayət FTXİ-nin əməkdaşları tərəfindən həbs olunmuş partiya sədrinin digər müavini - Etimad İsmayılovun məhkəmə istintaqının gedişinə münasibət bildirərkən deyib. 

Trend -un arayışı: Etimad İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin dələduzluq (159.4) və çirkli pulları yuyulması (274/1 4-cü hissəsi) maddələri ilə ittiham irəli sürülüb.

İsmayılovun məhkəməsi Rusiyanın Çelyabinsk vilayət məhkəməsində aparılır.

Şükürlünün sözlərinə görə, məhkəmə prosesinin gedişində İsmayılovun Çelyabinsk vilayət rəhbərliyinin sifarişiylə həbs edildiyi və əsas məqsədin də vilayət məmurlarının cinayət əməllərinin ört-basdır edilməsi olduğu üzə çıxmaqdadır.

"Təəssüf ki, biz mövqeyimizi Rusiya rəhbərliyinə çatdıra bilmirik, müraciətlərimizə baxılmır. Çelyabinsk rəhbərliyi də bundan və əllərindəki imkanlardan istifadə edərək, hər yeri yanlış məlumatların əks olunduğu arayışlarla doldurur, bütün cinayətləri İsmayılovun üstünə yıxmağa çalışırlar. Biz ümid edirik ki, əgər Rusiyanın ali rəhbərlyi düzgün məlumatlandırılsa, İsmayılovun işinin ədalətli araşdırılması təmin edləcək", - sədr müavini əlavə edib.

Şükürlü xatırladıb ki, analoji hadisə bir neçə il əvvəl digər tanınmış həmyerlimiz - biznesmen Füzuli Məmmədovun da başına gəlmişdi və məsələ məhz Rusiya rəhbərliyinin diqqətinə düşdükdən sonra, o, öz haqlarının müdafiəsinə nail ola bildi.

"Həmin vaxt qanunsuz saxlanılan, hətta barəsində məhkəmə hökmü olan Füzuli Məmmədov azadlığa buraxıldı, Moskvanın Cinayət Axtarış İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli əməkdaşları isə həbs olundular. Biz ümid edirik ki, eyni hal Etimad İsmayılovun məsələsində də təkrarlanacaq. Çünki bu işdə Çelyabinsk vilayət rəhbərlyinin və hüquq-mühafizə orqanlarının böyük bir cinayət şəbəkəsi yaratdıqları və mütəşəkkil cinayətkarlıq yoluyla da Rusiya büdcəsindən külli miqdarda vəsait oğurladıqları üzə çıxıb. Belə bir cinayətkar şəbəkəni aşkarladığına və ifşa etdiyinə görə, əslində hüquq-mühafizə orqanlarında islahatlar aparmaq istəyən Rusiya rəhbərliyi Etimad İsmayılova təşəkkür etməlidirlər", - Şükürlü bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbər lenti

Xəbər lenti