Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Enn Dersini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Dersinin ölkəmizdə səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına öz töhfəsini verdiyini bildirib və gələcək fəaliyyətində ona müvəffəqiyyətlər arzulayıb. Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Enn Dersi ABŞ-Azərbaycan əlaqələrinin hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, bu əlaqələrin bütün istiqamətlərdə daha da gücləndirilməsi üçün səyləri davam etdirməyin zəruriliyini vurğulayıb. Diplomat Azərbaycandakı üç illik fəaliyyəti dövründə əlaqələrimizin yeni sahələrinin müəyyən edilməsinə çalışdığını bildirib.